Keçmiş məhkəmə sədrini qətlə yetirən şəxsi hansı cəza gözləyir?

Keçmiş məhkəmə sədrini qətlə yetirən şəxsi hansı cəza gözləyir?

Məlum olduğu kimi, bu gün 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Qətlə yetirilən Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əgər qətli Əli Şamıyevin törətdiyi sübuta yetilirsə, onu hansı cəza gözləyir?

Məsələ ilə bağlı vəkil Ceyhun Yusifova müraciət etdik.

Vəkil e-huquq.az-a açıqlamasında deyib ki, əgər cinayət əməlində Ə.Şamıyevin təqsiri sübuta yetirilərsə, onu maksimum 15 il müddətinə həbs cəzası gözləyir: “Şübhəli şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə təqsirli bilinsə, o, 15 il müddətinədək azadlıqdan məhrum edilə bilər”.

Şübhəlinin Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə hansı cəza ala biləcəyinə gəlincə, vəkil qeyd edib ki, bu, ekspertizanın rəyindən asılıdır: “Əli Şamıyevin bu maddə üzrə hansı cəza alması ekspertizanın rəyindən asılı olacaq. Bu barədə indidən bir söz demək olmaz. Ancaq bu maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsində 3 ilədək azadlıqdan məhrumetmə ilə nəzərdə tutulur".