Mahir Xəttab Prezidentə müraciət etdi — MƏTN

Mahir Xəttab Prezidentə müraciət etdi — MƏTN

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) Prezident İlham Əliyev və Baş prokuror Kamran Əliyev, Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edib. 

Bakı şəhəri 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Ələkbərov Mahir Məmmədhəsən oğlunun vəkili Araz Nurməmmədov vasitəsi ilə həmin müraciətin sürəti də Demokrat.az-ın redaksiyasına daxil olub. 
 

Mahir Ələkbərov müraciətin də qeyd edib ki, Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmünə əsasən (hakim Azər Tağıyev) Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib: “Cəzamı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 9 sentyabr 2021-ci il tarixdən hesablanıb. Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarına əsasən müdafiəçim tərəfimdən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin 18 yanvar 2022-ci tarixli hökmündən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb”.

Mahir Əkləkbərov qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinə, 14 iyul saat 11.20-də Ali Məhkəmənin hakimi İlqar Qılıcov sədrliyi ilə baxılacaq: “Sonuncu məhkəmə instansiyası tərəfindən ədalətli qərar qəbul ediləcəyinə inanıram. Artıq 10 aydır ki, azadlıqdan məhrum edilmişəm. Bu günə qədər susdum, səbr elədim, dövlətimizin ali qanunlarına sığındım. Lakin görürəm ki, mənim səssizliyimdən istifadə edən şəxslər həbsimin sıradan deyil, sifarişli olduğunu göstərməyə çalışırlar. 

Belə ki, həbs olunduğum ilk günlərdə Bakı İstintaq Təcridxanasında oldum, orada kartımın üzərində “müxalifətçi” yazısı, həmçinin telefonlarımın dinlənilməsi ilə bağlı qeydlər olunub. Həbs olunduğum ilk günlərdə radikal müxalifətçi olduğum, radikal müxalifət liderləri ilə yaxın olduğumla bağlı iddiaları var idi. Mən bunları bilsəm də, susdum. Susdum ki, həmin o məqsədli şəkildə bunu edənlər öz istəyinə çatmasınlar. Lakin görürəm ki, artıq onlar bundan da öz mənfəətləri üçün istifadə etməyə başlayıblar. Onlar mənim həbsimin arxasında guya dövlətin, mövcud hakimiyyətin dayandığını göstərməyə çalışırlar. İstərdim sübuta yetirilsin ki, mən hər hansı cinayət hadisəsi törətməmişəm. Həbsim əvvəlcədən qurulmuş bir sifarişli bir işdir. Həbsimin sifarişli olması ilə bağlı daha bir nüans var ki, onları da gözardı etmək olmaz.
 
Belə ki, Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə bir neçə qanunazidd hərəkətlər baş verdi. Şikayətçi qismində olan Ramiz Göyüşovun məhkəməyə verdiyi ziddiyyətli ifadələr və buna hakim Azər Tağıyevin göz yumması, prokurorun şikayətçiyə təzyiqləri xüsusilə qeyd etmək lazımdır. 

Həmçinin Azər Tağıyevin şahidliyini məqbul hesab etmədiyi və məhkəmə zalından çıxardığı şəxsin sonda ifadəsinin hökmdə qeyd olunması göstərir ki, barəmdə keçirilən məhkəmə ədalətli, ali qanunlarımıza uyğun şəkildə deyil, müəyyən maraqlar çərçivəsində, qanunsuz şəkildə keçirilib. Mən hər zaman dövlətə, dövlətçiliyimizə şərəflə, ləqayətlə xidmət etmişəm və hansı təxribatların olmasına, baş verməsinə baxmayaraq, mən sona qədər öz əqidəmdə, öz sədaqətim üzərində qalacam. Heç bir qüvvə, heç bir təxribat məni dövlətə, dövlətçiliyə və cənab Prezidentə qarşı döndərə bilməz. 

Əksinə bu, mənim dövlətə bağlılığımı daha da artırır və yolumun nə qədər doğru olduğunu bir daha göstərir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, barəmdə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinə düzgün və ədalətli şəkildə baxılmasına köməklik göstərilməsini Sizdən xahiş edirəm”.