Mahir Xəttabın həbsxanada səhhəti pisləşdi

Mahir Xəttabın həbsxanada səhhəti pisləşdi

Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) saxlandığı Penitensiar xidmətin 14 saylı cəza çəkmə müəssisəsində səhhəti pisləşib. 

Axeber.az xəbər verir ki, bu barədə Demokrat.az-a Mahir Xəttabın anası Nazilə Ələkbərova bildirib. 

O deyib ki, martın 24-də Mahir Xəttabın səhhətində ciddi problemlər yaranıb: 

“Oğlumun təzyiqi 210-220-dək yüksəlib. Ona müəssisənin tərkibində olan tibb məntəqəsinin həkimləri vaxtında lazımı tibbi yardım göstərib. Amma tibb məntəqəsində onun müalicə alması yetərli deyil. Çünki oğlumun səhhəti pisləşən zaman burnundan qan açılıb. Həkimlər bildiriblər ki, oğlumun burnundan qan açılmasaydı, onun beyninə qan siza bilərdi”.
Nazilə Ələkbərova deyib ki, Mahir Xəttabın təzyiqi yüksələn zaman huşunu itirib. Onun sözlərinə görə, oğlunun ürək döyüntüləri artırıb: “Oğlumun səhhəti yaxşı deyil. Ona həkimlər tibbi yardım göstərsələr də, bu yetərli deyil. Oğluma tibbi yardım göstərən həkimlərə minnətdaram”.

Nazilə Ələkbərova oğlunun səhhətinin nəzərə alınması, onun əfv olunması üçün yenidən Prezident İlham Əliyevə müraciət etdiyini deyib: 

“Oğlumun cavan olmasının, səhvini başa düşməsinin nəzərə alınmasını, onu əfv etməyini cənab Prezidentdən xahiş edirəm”.

Qeyd edək ki, Mahir Xəttab Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. 

Amma Ali Məhkəmənin qərarı ilə onun cəzasından 6 ay çıxılıb.