Məhkəmənin Təyminə Abdullayeva barəsindəki hökmü niyə icra edilmir? - MÜƏMMA

Məhkəmənin Təyminə Abdullayeva barəsindəki hökmü niyə icra edilmir? - MÜƏMMA

Keçmiş əri, tanınmış biznesmen Barat Abdullayevin əmlakını ələ keçirmək üçün saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilərək 8 il azadlıqdan məhrum edilən Təyminə Abdullayeva bu dəfə başqa bir cinayətə görə məhkum olunub. T.Abdullayeva bütün bu proseslər baş verərkən onun dələduzluq yolu ilə mənimsədiyi bildirilən pulu tanışı Səkinə İsmayılovaya verdiyini bildirmişdi. Onun ifadəsi əsasında S.İsmayılova həbs edilsə də, Bakı Ağır Cinayətlər Məhkəməsi ona bəraət vermiş, T.Abdullayeva barəsində cinayət işi başlanılması üçün xüsusi qərar çıxarmışdı. 

İndi isə S.İsmayılova T.Abdullayeva barəsindəki hökmün icra olunmamasını iddia edir.

Şikayətçi Səkinə İsmayılova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, T.Abdullayeva barəsində Nərimanov rayon məhkəməsinin təxminən 9 ay öncə çıxardığı hökm hələ də icra olunmur: “Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli hökmünə əsasən Təyminə Yusifova (boşanandan sonra soyadını dəyişib – red.) Cinayət Məcəlləsinin 296.2-ci (bilə-bilə yalan məlumat vermə; şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə) maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Hökmə əsasən, Təyminə Yusifovanın üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması təyin edilib. 

Artıq 8 aydan artıq müddətdir ki, çıxarılmış hökm icra olunmur. Belə ki, hökm 2020-ci il fevralın 4-də icra edilməsi üçün Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə, Qoşqar Həmidovun icraatına göndərilib. T.Yusifova fevralın 28-də müraciət edərək Sumqayıt şəhərində yaşaması barədə arayış təqdim edib. 

Martın 3-də Səbail rayon icra və probasiya şöbəsi Səbail Rayon Məhkəməsinə təqdimat verərək hökmün icra olunması üçün aidiyyəti üzrə göndərilməsi barədə müraciət edib. Bundan sonra heç bir hüquqi əsası olmadan icra məmuru Qoşqar Həmidov təqdimatı geri götürüb". 

Fotoda: Səkinə İsmayılova

Onun sözlərinə görə, Təyminə Yusifova iyunun 4-də həm icra şöbəsinə, həm də məhkəməyə ərizə verib: "Hər iki yerdə ərizələr dərhal qeydiyyata alınıb, icra məmuru təqdimatı geri istəyib və hakim Ülviyyə Şükürova həmin gün də qərarı geri qaytarıb. Lakin bizim narazılığımızdan sonra iyunun 12-də yenidən icra məmuru səhv etdiyini başa düşüb icra sənədinin Sumqayıta göndərilməsi üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdimat verdi, lakin 10 günə baxılmalı olduğu halda, 45 gün keçməsinə baxmayaraq hakim Ülviyyə Şükürova yenidən işə baxmamaq niyyətini açıq nümayiş etdirir. İşə baxılmasını hər dəfə bir əsassız əsasla təxirə salır. Bunun nəticəsidir ki, məhkəmənin hökmü 8 aydır ki, icra olunmur və bu gedişlə də deyəsən uzun müddət icra olunmayacaq". 

S.İsmayılova iddia edir ki, T.Yusifovaya (Adbuallayeva) elektron qolbaq taxılmaması, hərəkət edə biləcəyi sahənin məhdudlaşdırılmaması onun həyatına təhlükə yaradır: “Təyminə gecə və günün müxtəlif vaxtlarında dəfələrlə Gəncəyə mənim evimə gəlir, məni təhdid edir, şikayətimi geri götürməsəm məni öldürtdürəcəyini deyir. Təyminə Yusifova cəzasını çəkməli olduğu halda icra məmurlarının və hakimlərin biganə yanaşmasından, azadlığının məhdudlaşdırılmamasından və hökmün icra olunmamasından sui-istifadə edərək keçən 8 ay ərzində mütəmadi olaraq məni hədələyir, məni izləyir, bilərəkdən münaqişə yaradır, qızlarımın üstünə şər atır, ailəli olan iki qızımın ailəsinə müdaxilə edir, tələbə olan qızımla hədələyir, onun əlindən qohumlarımın, qonşularımın içində biyabır olmuşam. Əgər hökm icra olunsa, onda Təyminə məni hədələyə bilməz, mənim həyatım təhlükədə olmaz. Təyminə deyir ki, bu hərəkətləri etməkdə, yəni hökmün icrasının qanunsuz olaraq təxirə salınmasında ona yaxın tanışı hüquqşünas və televiziyalarda ekspert kimi çıxış edən Əkbər Məmmədzadə (Yusifoğlu) kömək edir. Deyirdi ki, qəsdən ünvanı dəyişərək işi Sumqayıta saldırıb ki, oradakı tanışları vasitəsilə prosesdən yayınsın və heç vaxt elektron qolbaq taxmasın. 

Mən, Təyminə Yusifovanın qanunsuz əməllərindən qorxuram, özüm və 4 övladım böyük təhlükə altında yaşayırıq. Təyminənin bu hərəkətlərindən Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına və digər orqanlara şikayət etmişəm. Şikayətimin araşdırılmasını, hökmün dərhal icra olunmasını, məhkuma elektron qolbağının taxılmasını, hökmün icrası tarixinin qolbağının taxılmasından hesablanmasını, iş Sumqayıta gedərsə Sumqayıtda da bu özbaşnalıqların baş verməməsi üçün tədbirlər görülməsini xahiş edirəm. Bir daha qeyd edirəm ki, mənim həyatım hazırda təhlükədədir,  pozulmuş hüquqlarımın bərpasını istəyir, dövlət orqanlarından imdad diləyirəm".

Qeyd edək ki, T.Yusifova (Abdullayeva) 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-mqidarda dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırmaq), 320.2-ci (saxtalaşdırılmış rəsmi sənədlərin bilə-bilə istifadə etmək) və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmək) maddələri ilə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə Prezident əfv sərəncamı ilə əfv olunaraq azadlığa çıxıb. 

İttihama görə, T.Abdullayeva əri Barat Abdullayevin onun adına aldığı mənzili onun xəbəri olmadan satmaq üçün öz şəxsiyyət vəsiqəsini dəyişib və bilərək saxtalaşdıraraq orada özünü “subay” kimi qeyd edib. Çünki evli olduğu təqdirdə mənzili satmaq və ya girov qoymaq üçün Barat Abdullayevin də razılığı tələb olunur. Bundan sonra Barat Abdullayevin 2 milyon dəyərində evini "Faktor Lizing" şirkəti ilə əlbir olaraq Lizingin adına 135000  müqabilində keçirmişdir. Təyminənin niyyəti həmin evi sonradan lizinglə birgə sataraq pulunu mənimsəmək olmuşdur. Məsələnin üstü açılanda isə pulu Səkinə İsmayılovaya falçılıq etməsi üçün verdiyini deyib. Təyminə Yusifovanın yalan ifadələri, bacısı Rənanı, bacısı qızı Esmiranı və digər qohumlarının şahid kimi verdiyi ifadələri əsasında S.İsmayılovaya cinayət işi açılıb və həbs edilib. Lakin hər üç instansiya məhkəməsi S.İsmayılovaya bəraət verib. 

Bundan sonra S.İsmayılova T.Abdullayevanın ona böhtan atmasında şikayətçi olub və bu dəfə T.Abdullayeva bilə-bilə yalan xəbərçilik etməkdə ittiham olunaraq məhkum olunub.