Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında ticarət obyektlərində yanğın söndürüldü - YENİLƏNDİ

Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında ticarət obyektlərində yanğın söndürüldü - YENİLƏNDİ

Bakının Nərimanov rayonunda ticarət obyektlərində baş vermiş yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən axeber.az-a verilən məlumata görə, bu gün Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğın baş verib və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri dərhal yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. İlkin hesablamalara əsasən, təqribən 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub.

***

10:51

Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın söndürülüb.

Axeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

***

10:31

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın lokallaşdırılıb.

Axeber.az-ın məlumatına görə, hazırda soyutma işləri aparılır.

***

10:14

Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın davam edir.

Axeber.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

***

09:47

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığında “Metro-City” ticarət mərkəzində başlayan yanğın ətrafdakı ticarət obyektlərinə də keçib.

Axeber.az xəbər verir ki, ticarət mərkəzinin yaxınlığındakı Mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.

***

09:24

Bakının Nərimanov rayonunda yanğın başlayıb. 

Axeber.az xəbər verir ki, yanğın “Metro City” ticarət mərkəzindədir. 

Ticarət mərkəzinin içinin mallarla dolu olduğu bildirilir. Hazırda yanğının lokallaşdırılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları cəlb edilib.

Loading...