Mirzoyan və Lavrov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsini müzakirə edib

Mirzoyan və Lavrov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Axeber.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mirzoyan və Lavrov Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsini müzakirə edib.

Söhbət zamanı tərəflər 2020-ci il 9 noyabr tarixli, 2021-ci il 11 yanvar tarixli və 26 noyabr tarixli üçtərəfli bəyanatların icrası barədə də danışıblar.

“İki ölkənin xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın formalaşdırılması, sərhəddə təhlükəsizlik, iqtisadi əlaqələrin qurulması və regionda kommunikasiyaların açılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın dünya sülh və sabitliyin bərqərar olması, eləcə də Azərbaycanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini bir daha təsdiqləyib.

Ermənistan və Rusiyanın xarici işlər nazirləri həmçinin ikitərəfli və çoxtərəfli gündəlikdəki məsələlərə, iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara da toxunublar”, -Ermənistan XİN-in məlumatında qeyd olunub.