Misir Prezidenti Azərbaycanın iş adamları ilə görüşdü

Misir Prezidenti Azərbaycanın iş adamları ilə görüşdü

Yanvarın 27-də Bakıda Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycanın iş adamları ilə görüşü olub.

Axeber.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Misir Prezidenti Əbdülfəttah Əs-Sisi görüşdə çıxış ediblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov əminliklə bildirib ki, bugünkü tədbir iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək. Nazir hazırda dünyada yaşanan iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatının 2022-ci ildə sabit inkişaf dinamikası nümayiş etdirdiyini, ümumi daxili məhsulun 4,6 faiz artdığını bildirib. Qeyd edilib ki, bu dövrdə qeyri-neft-qaz sahəsində artım 9,1 faiz təşkil edib, qeyri-neft ixracı 12 faizdən, ölkənin ümumi ixracı 73 faizdən çox artıb.

Azərbaycan ilə Misir arasında siyasi-iqtisadi əlaqələrin qarşılıqlı hörmət, dostluq və faydalı əməkdaşlıq əsasında inkişaf etdiyini vurğulayan M.Cabbarov dövlət başçılarının siyasi iradəsinin ikitərəfli əlaqələrin möhkəmlənməsində və genişlənməsində mühüm rol oynadığını bildirib.

Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran nazir deyib ki, Azərbaycanın Afrikada ilk səfirliyi 1994-cü ildə Misirdə açılıb. İki ölkə, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanla Misir arasında iqtisadi əlaqələrin möhkəmləndiyini qeyd edən Mikayıl Cabbarov bildirib ki, hazırda ölkəmizdə Misir investisiyalı 51 şirkət fəaliyyət göstərir.

“Bununla belə, investisiya sahəsində əməkdaşlığın, qarşılıqlı ticarətin genişləndirilməsi üçün böyük potensial var. İnanırıq ki, Azərbaycan-Misir Hökumətlərarası Müştərək Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə təşkil olunan tədbirlər, Azərbaycan-Misir İşgüzar Şurasının yaradılması istiqamətində aparılan işlər bu potensialın reallaşdırılmasına töhfəsini verəcək”, - deyə nazir vurğulayıb.

Mikayıl Cabbarov, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən, yaradılan biznes mühitindən, həyata keçirilən yaşıl enerji layihələrindən və dövlətin bu prosesə verdiyi dəstəkdən danışıb.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən Prezident Əbdülfəttah Əs-Sisi Misirin sadiq dostu, bu il 100 illik yubileyi qeyd ediləcək Ümummilli Lider Heydər Əliyevin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara nail olduğunu vurğulayıb. Prezident deyib ki, ölkələrimizin beynəlxalq ticarətdə əməkdaşlığı çox yüksək potensiala malikdir.

“Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq. Ölkələrimiz arasındakı potensial imkanları reallaşdırmağa çalışmalıyıq. Eyni zamanda, Azərbaycan şirkətlərinin Misirdə əczaçılıq, energetika, metallurgiya və digər sahələrə investisiya yatırmaları üçün imkanlar yaratmalıyıq”, - deyə Misir Prezidenti vurğulayıb.

Əbdülfəttah Əs-Sisi əlavə edib ki, ölkələrimizin müxtəlif sahələrdə mövcud olan potensialı və investisiya imkanları araşdırılmalı və reallaşdırılmalıdır.

Görüş müzakirələrlə davam edib.