"NATO-dan kənar Azərbaycan, Türkiyə və Pakistan ittifaqı yaradılmalıdır"- Politoloq

"NATO-dan kənar Azərbaycan, Türkiyə və Pakistan ittifaqı yaradılmalıdır"- Politoloq

“Azərbaycan-Türkiyə münasibətləri hər zaman artan xətt üzrə inkişaf edib. Bu inkişaf özünü həm siyasi, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə göstərib. Prezident İlham Əliyev bu yaxınlarda belə bir bəyanatla çıxış etdi ki, artıq dünyada beynəlxalq hüquq normaları deyil, güc faktoru öndədir. Bu baxımdan belə bir ərəfədə Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşması çox vacibdir".

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərini şərh edərkən bildirib.

Y. Bağırzadənin sözlərinə görə, bu yaxınlaşma Azərbaycan üçün 1918-ci ildəki qədər önəmlidir: "Bildiyiniz kimi, 1918-ci ildə ilk hərbi ittifaqımız Türkiyə ilə oldu, Qafqaz İslam Ordusu Azərbaycana gəldi. Öz növbəsində Azərbaycan da Çanakkala döyüşündə fəal iştirak etmişdir. İndi mən bu tarixin üzərində geniş dayanmaq istəmirəm, qısası onu vurğumalaq niyyətindəyəm ki, o vaxt olduğu kimi indi də belə gərgin münasibətlər sistemində bu ittifaq son dərəcə həyati önəm daşıyır. Çünki hazırda Azərbaycanın müstəqilliyi qonşu dövlətlər tərəfindən təhdid altındadır".

Türkiyənin NATO üzvü olduğunu xatırladan politoloq, iki dövlət arasında bu qurumdan kənar ittifaq müqaviləsi imzalanmasının vacibliyini vurğulayıb:  

"Türkiyə ilə hərbi və təhlükəsizlik ittifaqı Azərbaycan üçün çox önəmlidir. Əgər fikirləşsək ki, ABŞ prezident seçkiləri ərəfəsindədir və orada demokratların hakimiyyətə gəlmə şansları var, o zaman bu ittifaqın önəmi daha da artır. Bildiyiniz kimi Demokratların nümayəndəsi Bayden bu yaxınlarda Kaliforniya senatoru Kamala Harrisi vitse-prezident seçdiyini açıqlayıb. Bu senator isə ermənilərin əlində bir oyuncaqdır. Təsadüfi deyil ki, o, dəfələrlə qondarma "erməni soyqırımı" barədə Türkiyəyə təzyiqlər edib. Bu baxımdan ABŞ-da demokratların hakimiyyətə gəlməsi əlbəttə ki, Azərbaycan və Türkiyəyə qarşı təzyiqlərin artırılmasına şərait yaradacaq. Oradakı erməni lobbisininin səsini qazanmaqdan ötrü Baydenin atdığı addımlar da bizim ziyanımıza işləyəcək. Buna görə də Azərbaycan-Türkiyə İttifaqının yaradılması çox labüddür". 

Politoloq qeyd edib ki, Azərbaycanın Xarici İşlər nazirinin ilk səfərini Türkiyəyə etməsi və eyni zamanda Türkiyənin Milli Müdafiə naziri ilə Baş Qərargah rəisinin bu gün Azərbaycana gəlməsi o deməkdir ki, düzgün siyasət aparılır: "Mən əminəm ki, bu ittifaqın nəticəsi dövlətə və xalqımıza yalnız uğur gətirəcək". 

Politoloq əlavə edib ki, bu İttifaqa Pakistanın qoşulması da vacibdir: 

"Bildiyiniz kimi Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir, hər zaman Azərbaycanın yanında olub. Eyni zamanda nəzərə almalıyıq ki, Pakistan, nüvə dövləti olaraq beynəlxalq münasibətlərdə kifayət qədər nüfuza malikdir. Buna görə hesab edirəm ki, ittifaq bu 3 dövlətin gələcək təhlükəsizliyinə böyük töhfələr verəcək".

Y. Bağırzadə ittifaqın tərkibinin genişlənəcəyini də istisna etməyib: "Əgər Azərbaycan, Türkiyə və Pakistan müqaviləsi gündəmə gəlsə, gələcəkdə bu ittifaqa Türkmənistan, Özbəkistan və Əfqanıstanın da qoşulması mümkündür"