Nazirlik bayramda süni qiymət artımının və heyvan qıtlığının qarşısını aldı

Nazirlik bayramda süni qiymət artımının və heyvan qıtlığının qarşısını aldı

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC Qurban bayramı səbəbindən qurbanlıq heyvanların qiymətinin süni artırılmasına və istehlakçıların hüquqlarının pozulmasına mane olub.

Qurum bayram münasibəti ilə 12-13 avqust tarixlərində Bakı şəhəri və Abşeron yarımadası da daxil olmaqla, respublikanın 30 fərqli nöqtəsində “Kənddən Şəhərə” yarmarkaları təşkil edir. Yarmarkalar sosial dəstək xarakterli olub azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatlarının tam ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması və vəziyyətdən istifadə edərək süni qiymət artıran işbazların planlarının pozulması məqsədi ilə keçirilir.

Əhalinin qurbanlıq heyvanlara tələbatının artacağını nəzərə alan ATT bayram yarmarkalarına ümumilikdə 20000-dən çox qoyun çıxarıb. Qurbanlıq heyvanların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170, 180 manat vahid məbləğlərində müəyyənləşdirilib ki, işbazlar süni şəkildə qiymət artımı yarada bilməsinlər. Müqayisə üçün qeyd edək ki, fərdi ticarətçilər tərəfindən müxtəlif yerlərdə satışa çıxarılan qurbanlıq heyvanların qiymətləri 200-300 manat civarında dəyişir.

Kənd Təsərrüfatı Nazirliyinin ümumilikdə 18000 baş qurbanlıq heyvan alması uzun illər ərzində bazarlara təsir gücü olan “ət ticarətçi”lərinə böyük zərbə oldu. Beləliklə, işbazların yarada biləcəkləri süni heyvan qıtlığının qarşısı alınıb.

Mütəmadi olaraq müasir innovasiya və texnologiyaların imkanlarından yararlanan “Aqrar tədarük və təchizat” ASC bu il qurbanlıq heyvanların satışında yenilik etməyi də bacarıb. Bayram bazarlarında yaranan ənənəvi sıxlığı nəzərə alan qurum vətəndaşlar üçün bayram yarmarkalarından onlayn sifariş və öncədən növbə götürmə xidməti istifadəyə verdi. Vətəndaşların marağının çox olması səbəbindən xidmətin istifadə müddəti daha iki gün uzadıldı. https://kenddenshehere.az/qurbanliq saytı üzərindən həyata keçirilən sifariş xidməti 11 avqust saat 23:59-a qədər fəaliyyət göstərdi. Onlayn qaydada müraciət edən sifarişçilər ümumi məbləğin çox kiçik bir hissəsini (üç manat) onlayn olaraq öncədən, qalan hissəsini isə qurbanlıq heyvanları əldə edərkən ödəmə imkanı qazandılar. Həmçinin sifarişçilər qurbanlıq heyvanları əldə edəcəkləri məntəqəni, tarixi və saat intervalını seçməkdə tam sərbəst oldular.

Xatırladaq ki, qurbanlıq heyvanların satış məntəqələrində baytarlıq-sanitariya ekspertizasının aparılması məqsədi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səyyar laboratoriyaları vətəndaşlara ödənişsiz xidmət göstərir. Vətəndaşlar aldıqları qurbanlıq heyvanların sağlam olmasına heç bir ödəniş etmədən əmin ola bilərlər.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi qurbanlıq heyvanların qiymətlərinə və yarmarkanın təşkilinə, Qida Təhlükəsizlik Agentliyi baytarlıq-sanitariya ekspertizasının aparılması üçün qurbanlıq heyvanların kəsim məntəqələrində olan laboratoriyaların işinə görə məsuliyyət daşıyır. Satış məntəqələrində qurbanlıqların kəsimi isə yerli icra orqanlarının təyin etdiyi qəssablar tərəfindən həyata keçirilir. Kəsim və dərinin təmizlənməsi ödənişlidir.

Axeber.az