Nənəsinin ölümündə günahlandırılan nəvəyə necə bəraət verilib?

Nənəsinin ölümündə günahlandırılan nəvəyə necə bəraət verilib?

“Prokurorluq orqanlarında 21 il çalışdım və icraatımda açılmayaın cinayət işləri olmayıb”.

Axeber.az-ın xəbərinə görə, bunu İN Media yutub kanalına müsahibəsində sabiq prokuror və məhkəmə hakimi Mirzə Xankişiyev deyib.

O bildirib ki, icraatında olmuş bütün işlərin hamısı açılıb, istintaqı aparılıb və məhkəmələrə göndərilib:

“Mən günahı olmayan şəxsin işini heç vaxt məhkəməyə göndərməzdim. Bu barədə bir faktı danışım. O zamanlar Bakı Şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) rayon prokurorunun prokuror-kriminalisti vəzifəsində çalşırdım. Yaşlı qadın qətlə yetirilmişdi. Onun ölümündə nəvəsi ittiham olunurdu. Bu iş başqa müstəntiqdə idi və 5 ay istintaqı aparılmışdı. Sonra Bakı Şəhər Prokurorluğu bu işə qol çəkməyib geri qaytardı. Bildirilmişdi ki, işin araşdırılmasında nöqsanlar var. Həmin müstəntiq pozuntulara görə işdən kənarlaşdırıldı. Qətl işinin araşdırılması mənə həvalə edildi. İşi araşdırdım və 2 həftədən sonra mənə məlum oldu ki, həmin şəxs günahsızdır. Düz, 17 gündən sonra qərar yazdım, işə xitam verdim və həmin gənc azadlığa buraxıldı. Yəni ona bəraət verildi. Sonradan məlum oldu ki, həmin qadını qonşusu öldürüb”.

Qeyd edək ki, Mirzə Xankişiyev 1991-1993-cü illərdə Sabirabad Rayon Prokurorluğunda baş müstəntiq, 1993-2004-cü illərdə Bakı Şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, prokuror-kriminalisti, 2004-2008-ci illərdə Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun prokuror-kriminalisti, 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi, 2011-2022-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsində çalışıb. O, hazırda Vəkillər Kollegiyasının üzvüdür.