Nərgiz Qəhrəmanova: Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır

Nərgiz Qəhrəmanova: Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır

Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev ölkəmizin tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır.

Müasir dövrdə ölkəmizdə elmin və təhsilin bugünkü inkişafa nail olmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri var. Cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görən ümummilli lider Heydər Əliyev ölkəmizdə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasında, respublikamızın elmi potensialının gücləndirilməsində, demokratik dövlətçiliyimizin elmi əsaslar üzərində qurulmasında, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində, güclü iqtisadiyyatımızın qurulmasında müstəsna və misilsiz xidmətlər göstərib.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ümummilli Liderin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gəlmiş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanova deyib.


N.Qəhrəmanova diqqətə çatdırıb ki, bu görkəmli şəxsiyyətin ölkədə ən ali elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan elminin dünyada nüfuzu daha da artıb: “Akademiyada Azərbaycan xalqının dilinin, milli-mənəvi dəyərlərinin araşdırılmasında, tarix, riyaziyyat, kimya, biologiya, neft emalı və neft-kimya sənayesi və s. sahələrdə elmi araşdırmaların aparılmasında və nüfuzlu elmi məktəblərin yaradılmasında Heydər Əliyevin mühüm xidmətləri olub”.

Sektor müdiri vurğulayıb ki, Prezident İlham Əliyev də Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirərək bütün sahələrdə olduğu kimi, elm sahəsində də yüksək inkişafa nail olub. Ümid edirik ki, ölkə Prezidentinin rəhbərliyi altında bu inkişaf daha da sürətlənəcək, elmimizin tərəqqisi yolunda yeni imkanlar yaradılacaq.