“Novruz bəşəriyyətin mənəvi dəyəridir”

“Novruz bəşəriyyətin mənəvi dəyəridir”

“Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəridir”.

Məlumdur ki, islamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə də qeyd olunur. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.

Digər xalq bayramları kimi Novruz bayramının da milli - mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rolu var. Hər bir xalq milli mənəvi dəyərlər sisteminə malikdir. Tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, bayram və inanclarımız, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimiz özündə bu milli-mənəvi dəyərləri geniş şəkildə təcəssüm etdirir.

Novruz Azərbaycan xalqının  zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf  boyunca baxdığımız zaman onun qədim mədəni  köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə, və Orta Asiya türk dövlətlərində Novruz mart ayında  bahar bayramı kimi qeyd olunmaqdadır.

Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmamış, dövlət səviyyəsində qeyd olunmuş, xalqımızın həyatını bütöv şəkildə əhatə etmişdir. Xalqın bütün təbəqələri Novruz bayramında bir araya gəlmiş, bayramı birgə qeyd etmiş, bayram sevinci ümummilli dəyər halına gəlmişdir. Bu da öz növbəsində xalqımızı birləşdirmiş, bütövləşdirmiş, dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirmişdir. Bu baxımdan Novruz təbii olaraq həm də dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır.

21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ümummilli Lider Heydər Əliyev də öz çıxışında bu bayramı məhz bu cür xarakterizə etmişdi:

“Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”

Novruz ənənələri dedikdə göz önünə ilk növbədə bu bayramla bağlı ailə-məişət, mərasim ənənələri gəlir. Bunun səbəbi onunla bağlıdır ki, XX əsrdə sovet hökumətinin Novruz bayramını rəsmi bayram olmaqdan çıxarması, onu təqib etməsi, ayin və mərasimlərinin geniş meydanlarda ümumi xalq kütlələri tərəfindən böyük coşqu ilə qeyd olunmasına qadağa qoyması onu məişət hadisəsinə çevirdi. Bu zaman Novruzun evlərdə, ailə-məişət içərisində icra olunan ənənələri yaşamaqda davam etsə də, dövlət tərəfindən rəsmi səviyyədə icra olunan mərasim ənənələri aradan qalxdı. Sovet dövründə tariximizin bu əvəzsiz yadigarına dini don geyindirməyə çalışaraq el sevincini, el şənliyini  zorla  yaddaşımızdan  silmək  istəyirdilər.  Buna  baxmayaraq,  Novruz  bayramı  hətta  o  dövrdə  də xalqımız tərəfindən qeyd olunurdu. Şıxəli Qurbanov kimi mütərəqqi ziyalılarımız bu bayramı xalqın mədəni abidəsi kimi qoruyub saxlamağa çalışırdılar.

Hazırda Azərbaycan müstəqillik əldə etmiş, Novruz yenidən dövlət tərəfindən qeyd olunan ümumxalq bayramına çevrilmişdir. Əlbəttə, Novruzun tarixi çox qədimdir. Çünki insanlar ilin dəyişməsini ibtidai icma dövründən qeyd etmiş, soyuq, ərzaq qıtlığı, səfalətlə dolu qışdan sonra yazın gəlişini böyük bir sevinc hissi ilə qarşılamış və bunu müxtəlif mərasimlərlə qeyd etmişlər. İctimai-iqtisadi formasiyalar dəyişdikcə təqvim düşüncəsi daha da inkişaf etmiş, bu əsasda Novruz bayramı xalqların və onların dövlətlərinin həyatında öz yerini daha da möhkəmlətmiş, yeni-yeni adət və ənənələrlə zənginləşmiş, məzmun və formaca daha da inkişaf etmişdir. Bu tarixi-mədəni prosesdə Novruz hər bir xalqın öz milli həyat tərzinə, milli dünya görüşünə, adət-ənənələrinə uyğun şəkillər almışdır. Elə bu səbəbdən də orta əsrlər tarixi mənbələrində Novruz bayramı hər xalqın öz milli ənənələri, o cümlədən hər xalqın öz dövlətçilik ənənəsi ilə bağlı bayram kimi təqdim edilməkdədir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

Bu gün ölkəmizdə Novruz artıq həm də siyasətdə bayramlaşma təcrübəsinə çevrilib. Başqa sözlə qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyətin formalaşmasına da öz töhfəsini verib. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Bu gün bütün xalqımız Novruzu növbəti dəfə torpaqları işğaldan azad olunmuş bir dövlətin vətəndaşları olaraq qeyd edir. Ulu öndər Heydər Əliyevin 1998-ci il Novruz Bayramı münasibətilə müraciətində dedikləri “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” 

Artıq reallığa çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham ƏliyevÜmummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik”.

Son olaraq mən də fürsətdən istifadə edərək bütün xalqımızı bu bayram münasibətilə təbrik edir, Novruzun insanımıza xeyir bərəkət gətirməsini arzu edirəm”.

 

Yusif Bağırzadə, Politoloq