"Ondan öyrəndiklərimiz bizə yalnız uğur gətirib" - “Azəriqaz” İB-nin baş direktoru

"Ondan öyrəndiklərimiz bizə yalnız uğur gətirib" - “Azəriqaz” İB-nin baş direktoru

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin SOCAR-ın birinci-vitse prezidenti, akademik Xoşbəxt Yusifzadə ilə bağlı xatirələrini bölüşüb.

E-huquq.az xəbər verir ki, yazı Xoşbəxt Yusifzadənin 90 illik yubileyinə həsr edilib. 

R. Əliyev Xoşbəxt Yusifzadə ilə ilk tanışlığının 2007-ci ildə olduğunu bildirib.

"Mən onda SOCAR-ın Ekologiya İdarəsinin Mexanika və energetika şöbəsinə rəis təyin edilirdim. Təqdimatım olmalı idi. Həmin şöbə ilə bağlı bir çox məsələlərə isə SOCAR-ın birinci-vitse prezidenti Xoşbəxt Yusifzadə nəzarət edirdi. Vəzifə təyinatları olanda da elə o, özü qəbul edib, sorğu-sual aparırdı. Mən də qəbula getdim və xeyli söhbət etdik. Onu da qeyd edim ki, Xoşbəxt müəllimin energetiklərə münasibəti tamamilə fərqlidir. Mənə bir sual verdi, indiyə qədər yadımdadır. Soruşdu ki, generatorla mühərrikin fərqi nədir? Mən də elmi izahlar verməyə başladım. O vaxt o sahəni dərindən araşdırırdım deyə, iki qurğu arasındakı fərqli məqamları həvəslə, ətraflı danışdım. Dinlədikcə diqqətlə baxırdı. Baxışları qane olmadığını göstərdiyi üçün əlavə olaraq təklif etdim ki, bəlkə hansısa sxemlər çəkib izah edim. Üzümə baxdı. Dedi ki, Ruslan sən bunu düz danışmadın. Təəccübləndim və cavab verdim ki, vallah Xoşbəxt müəllim görünür bildiyim bu qədərdir. O isə: “A kişi bunun qısa cavabı var. Generator kişidir, mühərrik qadın. Generator qazanır, mühərrik xərcləyir” deyərək gülümsədi. 

Sonradan mən “Azəriqaz” İstehsalat Birliyinə məsul vəzifələrə gəldim və bu misalı yeni təyin olunan gənclərə hər dəfə çəkirəm və gülümsəyərək Xoşbəxt müəllimdən maraqlı söhbətlər açıram. Yəni bir daha görürəm ki, onun nəyisə izah edəndə söylədiyi zarafatyana fikirləri də məntiqi mahiyyət daşıyır. 

Ağsaqqal sözü həmişə dəyərli olub. Bizim xalqımız da həmişə ağsaqqal sözünə böyük önəm verib. Özü də Xoşbəxt müəllim kimi bir ağsaqqalın dediyi sözlər həm maraqlıdır, həm də qiymətli. Yəqin fikir vermisiniz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi SOCAR-ın tədbirlərində Xoşbəxt Yusifzadənin fikirləri nə qədər maraqla qarşılanır. Dövlət Başçısı özü də onu diqqətlə dinləyir. Çünki Xoşbəxt müəllim mürəkkəb neft sənayesini daha sadə dildə, elə əsl neftçi kimi izah etməyi bacarır.

Xoşbəxt müəllimdən öyrəndiyimiz, hələ bundan sonra da bir çox neft-qaz sənayesi işçilərinin öyrənəcəyi çox məsələlər var. Xüsusən də insan işini necə sevməlidir və necə məsuliyyətli olmalıdır. Bunları ondan öyrənmək hər kəsə uğur gətirə bilər. Yaxşı xatırlayıram, o zaman dəm qazı ilə bağlı məsələlərə görə texniki baxışı “Azəriqaz” İB həyata keçirirdi. İnsanlar arasında dəm qazından boğulmalar olanda, inanın ki, Xoşbəxt müəllim çox həyəcanlanırdı. Dərhal bizi yanına toplayırdı. “İzah edin, çıxış yolu göstərin, biz nə edə bilərik ki, belə hallar olmasın” deyərək narahat olduğunu gizlətmirdi. 

Mənə elə gəlir ki, Xoşbəxt müəllimi Azərbaycanda tanımayan kimsə yoxdur. Yeganə adamlardandır ki, hamının xoş münasibətlə qarşıladığı Vətəndaşdır. Çünki həmişə yaxşılıq etməyə çalışıb. Bu gündə yorulmadan çalışır. 90 yaşlı Xoşbəxt Yusifzadəyə baxanda “mən niyə işdən yorulmalıyam” deyərək bir daha məsuliyyətli olmağa çalışırsan. Məncə xoşbəxtliyin əsl sirrini elə Xoşbəxt müəllimdə tapmaq mümkündür", - deyə, R. Əliyev qeyd edib.