Politoloq: "Aşqabadda keçirilmiş Zirvə Toplantısı Prezident İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı"

Politoloq: "Aşqabadda keçirilmiş Zirvə Toplantısı Prezident İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı"

“Aşqabadda keçirilmiş Zirvə Toplantısı Prezident İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı”.

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, Xəzər dənizində statusun müəyyən olunması məsələsi uzun illər müzakirə predmeti olmuş və nəhayət 2018-ci ildə Aktauda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanmışdır. Status məsələsinə aydınlıq gətirilməsi bəzi hallarda Xəzəryanı dövlətlərarası münasibətlərdə mövcud olmuş gərginliyi də aradan qaldırdı: "Təbii ki, Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Məlumdur ki, Azərbaycan nəqliyyat-logistika infrastrukturuna görə, Xəzər dənizinin ən inkişaf etmiş ölkəsidir. Bu səbəbdən də status məsələsinə aydınlıq gətirilməsi digər Xəzəryanı ölkələr üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Odur ki, ölkə başçısı cənab İlham Əliyevin Türkmənistana səfəri və Xəzəryanı dövlətlərin dövlət başçılarının 6-cı Zirvə Toplantısında iştirakı xüsusilə diqqətə layiqdir. Belə ki, Xəzər dənizini əhatə edən beş dövlət arasında iqtisadi, siyasi, təhlükəsizlik, nəqliyyat, ekologiya, təbii resurslardan istifadə və digər sahələr üzrə qarşıya çıxan problemlərin həlli üçün ən effektiv format məhz sözügedən Zirvə Toplantısı hesab olunur. İkinci bir tərəfdən Xəzər dənizini əhatə edən beş dövlət arasında status məsələsinə aydınlıq gətirilməsi də Zirvə Toplantısının əhəmiyyətini artırır".

Politoloq qeyd edib ki, Cənab Prezident toplantıda çıxışı zamanı bir çox vacib məsələlərə toxunub: "Bunlardan birincisi odur ki, Prezident açıq şəkildə bildirdi ki, 2018-ci ilə imzalanmış Konvensiya artıq Xəzərin hüququ statusunun müəyyən edib. Bu bəyanatı daha çox İrana ünvanlanmış bəyanat olaraq xarakterizə etmək olar. Belə ki, imzalanmış Konvensiyanın hələ də qüvvəyə minməməsinin tək səbəbi İranın prosesi uzatması və əsassız tələblərlə çıxış etməsidir. Prezidentin çıxşında digər vacib məqam Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı idi. “Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq” deyən Prezident heç şübhəsiz ki, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” deməklə, vurğunu həm də Transxəzər boru kəmərinə yönəltdi. Başqa sözlə desək, Transxəzər layihəsinin önəmini və Azərbaycanın bu layihədən imtina etmədiyini növbəti dəfə Xəzəryanı ölkələrin dövlət başçılarının nəzərinə çatdırdı. 

Daha bir vacib məqam təbii ki, qarşılıqlı fəaliyyətin əsasında bütün tərəflərin mənafelərinin nəzərə alınmasının vacibliyi ilə bağlı verilmiş mesaj oldu. Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamağın vacib prinsip olduğunu deyən ölkə başçısı bununla həm də ölkəmizin daxili işlərinə hər hansı bir başqa dövlətin qarışmasına imkan verilməyəcəyinin mesajını vermiş oldu. Prezidetn çıxışında, həmçinin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları da diqqətə çatdıraraq, bölgədə dövlətlərin iqtisadi inkişafı, səmərəli əməkdaşlığın təşkili üçün mühüm amillərdən biri olan nəqliyyat infrastrukturunun yenilənməsinin vacibliyini də qeyd etdi və Zənguzur dəhlizinin artıq reallığa çevrildiyini bəyan etdi. Əslində, bu bəyanat özü də həmin dəhlizin açılmasında maraqlı olmayan qonşularımıza verilmiş bir mesaj idi. Cənab Prezident bununla Azərbaycanın öz maraqlarından heç bir vəchlə imtina etməyəcəyini bildirmiş oldu”.