Politoloq: "Azərbaycan özünü dünya arenasında etibarlı tranzit ölkəsi kimi göstərir"

Politoloq: "Azərbaycan özünü dünya arenasında etibarlı tranzit ölkəsi kimi göstərir"

"Bu gün Azərbaycan Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib". 

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa ilə Asiyanın qovuşağında, “İpək Yolu”nun üstündə yerləşən Azərbaycan həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır: "Eyni zamanda, Azərbaycanda yaradılan müasir yol-nəqliyyat infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da tranzit imkanları artır. Belə infrastrukturların qurulması “İpək Yolu” marşrutu üzrə Asiya ilə Avropa arasında ticarət və tranzit daşımalarının inkişafına, eləcə də Xəzər regionunun nəqliyyat və tranzit potensialının daha səmərəli istifadəsinə töhfədir". 

Son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalara toxunan politoloq bildirib ki, bunun sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılmış, 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilmişdir: "Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilmiş, 140 gəminin və platformaların təmiri həyata keçirilmişdir. Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilmişdir. 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmişdir. Bu gün Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilən Azərbaycanda qeyd edilən istiqamətdə diqqət çəkən məqamlardan biri də “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə bağlıdır. Artıq bu layihəyə dünya miqyasında böyük maraq ifadə olunur. Bu bir həqiqətdir ki, ötən dövr ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulmuş böyük investisiyalar sayəsində ölkədə müasir nəqliyyat və logistika infrastrukturu yaradılıb.

Politloq vurğulayıb ki, məhz bunun nəticəsində Azərbaycan üzərindən yükdaşımalar sürətlə artır, bu istiqamətdə əldə edilən gəlirlər çoxalır: "Cənab Prezidentin də qeyd etdiyi kimi "Şərq-Qərb” nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınmışdır. Bu ilin ilk dörd ayı ərzində isə bu rəqəm artıq 3 milyon tona çatmışdır. “Şərq-Qərb” nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə etmişdir. Lapis-Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanmışdır. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılmışdır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınmışdır. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırmış və bununla da etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləmişdir".