Politoloq: "Özbəkistandakı hadisələrdə Rusiyanın əlinin olması tamamilə mümkündür"

Politoloq: "Özbəkistandakı hadisələrdə Rusiyanın əlinin olması tamamilə mümkündür"

“Türk dövlətlərinin inteqrasiya prosesinin Kremli ciddi şəkildə narahat etdiyi faktdır”.

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Qaraqalpaq Muxtar Respublikasında baş verənlər və hadisələrdə xarici faktorların mümkünlüyü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Özbəkistanın Qaraqalpaq Muxtar Respublikası ərazisində keçirilən kütləvi aksiyalara səbəb olaraq ölkədə aparılması nəzərdə tutlan konstitusiya islahatları əsas göstərilir. Aksiyaların xarici və ya daxili faktorların təsiri altında baş vermasinə gəlincə isə, əlbətdə ki, bu olduqca düşündürücü və vacib məqamdır:

"Özbəkistanda baş verən hadisələrdə kənar təsirlərin rolunun olmadığını düşünmək sadəlövhlük olardı. Şübhəsiz ki, "xarici qüvvə" deyəndə ağlagələn Rusiya və Qərb olur. Hər ikisinin Özbəkistan daxilində çaxnaşma yaratmaq imkanı var. Məsələ ondadır ki, son illərdə, xüsusilə türk birliyi yolunda atılan addımlar fonunda türk coğrafiyasında siyasi-ictimai xaosun yaradılmasına edilən cəhdlər diqqət çəkir. Bu baxımdan Azərbaycan və Özbəkistan liderləri İlham Əliyevlə Şavkat Mirziyoyev arasında "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında" Bəyannamənin imzalanmasından sonra Özbəkistanda mitinq başlanması da olduqca diqqət çəkicidir. Görünür, müəyyən qüvvələr türkdilli dövlətlər arasında inteqrasiyadan narahat olmağa başlayıb. Bir müddət öncə Qırğızıstanla Tacikistan arasında yaşanan gərginlik və ondan əvvəl Qazaxıstanda baş verən etiraz aksiyaları buna misal ola bilər. Bu mənada Özbəkistanda baş verən hadisə həm də Mərkəzi Asiya üzərində nəzarət uğrunda geopolitik mübarizənin tərkib hissəsidir.

Ümumiyyətlə, Cənubi Qafqaz kimi, Mərkəzi Asiya da böyük dövlətlərin maraqları daxilindədir. Regionun Avropa ilə Asiyanı birləşdirəcək yeni iqtisadi-ticari marşrutun üzərində yerləşməsi, enerji resurları ilə zəngin olması, son illərdə bu regionu xüsusilə böyük güclərin diqqət mərkəzinə çevirib. Qazaxıstan üzərində oynanılan oyunun indi Özbəkistan üçün də oynanıldığı hiss olunur. Doğrudur, Kremlin başının Ukrayna ilə müharibəyə qarışdığını nəzərə alsaq, bəlkə də bu, o qədər ağlabatan deyil. Amma türkdilli dövlətlərin, xüsusilə Rusiyanın özünün "arxa bağçası" hesab etdiyi Mərkəzi Asiya ölkələrinin inteqrasiyası rəsmi Moskvanı narahat etməmiş deyil. Bu mənada Özbəkistandakı hadisələrdə Rusiyanın "əlinin olması" tamamilə mümkündür. Düzdür, Rusiya mediası ABŞ-a bağlı qeyri-hökumət təşkilatlarının Özbəkistanı qarışdırmaq istədiklərini yazsa da, bunun həqiqət payı yoxdur. Məsələ ondadır ki, Vaşinqtonun indiki məqamda Özbəkistanı qarışdırması üçün elə də ciddi səbəbi yoxdur. Digər tərəfdən, Özbəkistanın müstəqil xarici siyasət yürütməsi Vaşinqtondan çox Kremli narahat edir. Kreml yaxşı bilir ki, Özbəkistanda nə Qazaxıstan ssenarisi, nə də Tacikistan-Qırğızıstan gərginliyi bənzəri bir ssenarini işə salmaq faktiki olaraq mümkün deyil. Odur ki, yeni ssenari işə salınır. Bu ssenari isə özündə az qala bütün keçmiş sovet respublikalarının ortaq problemi olan seperatizmi alovlandırmağı ehtiva edir".

Politoloq qeyd edib ki, Kremlin bu ssenarini işə salacağı öncədən bəlli idi: "Belə ki, hələ Qazaxıstandakı iğtişaşların ilk günlərində Belarus Prezidenti Aleksandr Lukaşenko Özbəkistanın gələcəyi ilə bağlı "proqnozlar" vermiş, oxşar hadisələrin Özbəkistanda da baş verə biləcəyini açıqca demişdi. Maraqlıdır ki, Lukaşenko indi Özbəkistanda baş verən proseslərə münasibət bildirərkən verdiyi "proqnozu" məmnunluqla təkrarlayıb və deyib: "O vaxt mən, indi baş verənlər haqda xəbərdarlıq edəndə Özbəkistan rəhbərliyi narazı qalmışdı. Özbəkistanın az qala yarısı olan Qaraqalpakıstan artıq ayağa qalxıb. Özbəkistanı qarışdırırlar və orada indi qəliz situasiya yaranıb.

Proseslərdə Moskvanın “barmağının” olduğunu göstərən digər bir fakt isə Rusiya mediasında yayımlanan yazılarda Qaraqalpaqsıtanın “Özbəkistanın Krımı” adlandırılmasıdır. Rusiya mediası həmçinin Qaraqalpaq Muxtar Respublikasından reportaj hazırlayaraq yerli əhalinin dilindən “Biz Qaraqalpaq xalqını qorumaq üçün Putinə müraciət etdik” iddiasını da səsləndirir və “qaraqalpaqlar Özbəkistanın ən çox rusdilli xalqlarından biri hesab olunur” fikirlərini tirajlayırlar. ​Görünən odur ki, Rusiya aktiv şəkildə Özbəkistanı öz orbitinə çəkmək üçün addımlar atır. Məlumdur ki, Özbəkistan KTMT üzvü deyil və Kremlin Daşkəndi təşkilata üzv etmək istəməsi hər kəsə bəllidir. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin 16 may tarixində Özbəkistanı yenidən rəsmi şəkildə KTMT-yə dəvət etdi. Özbəkistan isə hazırda Türkiyə və Azərbaycanla yaxınlaşmaqda, Qərbə inteqrasiyada maraqlıdır. Özbəkistanın əvvəl Türkiyə, daha sonra Azərbaycan ilə hərbi əməkdaşlıq sazişi imzalamasını, görünür, Rusiya həzm edə bilmir. Digər bir tərəfdən yuxarıda da qeyd etdiyim kimi Mərkəzi Asiyada son illərdə Türkiyənin liderliyi altında yeni inteqrasiya prosesi, daha dəqiq desək türk birliyi yolunda ciddi addımlar atır. Bu proses dərinləşəcəyi təqdirdə, Kreml regiona təsir mexanizmlərini itirəcəyini anlayır. Odur ki, təsir imkanlarını qoruyub saxlamaq üçün bütün variantlara baş vurur".