“Prezident Ermənistanın quldurlar ölkəsi olduğunu faktlarla sübut etdi” - Politoloq

“Prezident Ermənistanın quldurlar ölkəsi olduğunu faktlarla sübut etdi” - Politoloq

“Prezident Ermənistanın quldurlar ölkəsi olduğunu faktlarla sübut etdi”.

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Ermənistanın dırnaqarası müstəqillik tarixi tam bir rüsvayçılıq tarixidir:

“Cənab Prezidentin öz müsahibəsində Ermənistanda 20 il ərzində ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğruların rəhbərlik etdiyini faktlarla ortaya qoydu. Bu baxımdan da həmin ölkənin cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsi adlandırması tamamilə məntiqəuyğundur. Bunu Ermənistanın indiki rəhbərliyi də keçmiş prezidentlərinə cinayət işi açmaqla etiraf edir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi və s. bu kimi faktlara baxmaq kifayətdir ki, Ermənistanın necə bir ölkə olması haqqında tam təsəvvürə malik olasan.  Bu baxımdan da Ermənistanın dırnaqarası müstəqillik tarixi tam bir rüsvayçılıq tarixidir.  Hələ 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır və terrorçu ölkə olduğunu bir daha sübut edir”.

Politoloqun fikrincə, Ermənistanda prezidentlərə açılan cinayət işi, generalların həbsi, faşist və terroçulara abidə qoymaqları bu ölkənin əsl mahiyyətini üzə çıxarır. Y. Bağırzadə hazırda Ermənistanda diktatura rejiminin hökm sürdüyünü söyləyib.

“Bu ölkədə son iki il ərzində baş verənlərin isə sadəcə bir adı var, o da diktaturadır. Başqa sözlə Ermənistanda 20 il ərzində olan xunta rejiminin yerini indi diktatura rejimi tutub. Konstitusiyaya qanunsuz dəyişikliklər edilməsi, siyasi opponentlərə qarşı olan təqiblər, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığının götürülməsi, onlara qarşı cinayət işlərinin açılması Ermənistanda diktatura rejiminin formalaşdığını deməyə tam əsas verir. Bütün bu sadaladıqlarım faktlar son illər ərzində Azərbaycan Prezidentinin məqsədyönlü və ardıcıl siyasətinin nəticəsi olaraq artıq bütün dünyada bilinməkdədir. İşğal olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində aparılan fəaliyyət həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Prezident İlham Əliyevin bununla bağlı kifayət qədər açıqlamalarım olub və bütün dünya da qəbul etməlidir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. Bu prinsipial mövqe artıq dünya birliyi  tərəfindən də birmənalı olaraq dəstəklənir.

Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar müxtəlif vaxtlarda açıq-aydın ifadələr işlədiblər, qərarlar, qətnamələr qəbul ediblər. BMT, onun Təhlükəsizlik Şurası, onun Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qəbul ediblər”, - deyə politoloq qeyd edib.