"Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda dünyaya vacib mesajlar verdi" - Politoloq

"Prezident İlham Əliyev IX Qlobal Bakı Forumunda dünyaya vacib mesajlar verdi" - Politoloq

“Prezidentin statusla bağlı xəbərdarlıqları Ermənistanla yanaşı beynəlxalq vasitəçilərə də ünvanlanmış ismarıc idi”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Bakıda keçirilən “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumda Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

“Əvvəla onu qeyd edim ki, Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun işə başlaması çox önəmli hadisədir. IX Qlobal Bakı Forumuna Dünyanın 50-dən çox ölkəsinin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin qatılması şübhəsiz ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Artıq ənənə halını almış Bakı Forumunun keçirilməsi onu göstərir ki, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir”, - deyə o bildirib.

Politoloq qeyd edib ki, forumda Prezident İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir: “Cənab Prezident açılış nitqində həm Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, həm Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirdi və çox mühüm mesajlar verdi. Dövlər başçısı Cənubi Qafqazdakı yeni reallıqlara diqqət çəkərək Ermənistanın qeyri-konstruktiv, revanşist mövqeyinin regional təhlükəsizliyə, sülh və əmin-amanlığa təhdid olduğunu vurğuladı və növbəti dəfə “Dağlıq Qarabağ” adlı ərazi vahidinin artıq mövcud olmadığını bəyan edərək Ermənistan hökümətini tarixi yenidən yazmaq cəhdlərindən çəkinməyə çağırdı. Prezidentin çıxışında vacib məqamlardan biri dırnaqarası statusla bağlı istənilən istinadın yeni qarşıdurmaya gətirib çıxaracağı ilə bağlı xəbərdarlıq oldu. “Dağlıq Qarabağ”ın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin səmərəsiz və Ermənistanın özü üçün təhlükəli olduğunu bəyan edən dövlət başçısı status məsələsinin gündəmə gətirilməməsi ilə bağlı şifahi razılıq olduğunu da açıqladı. Bu olduqca maraqlı fakt idi və Prezident tərəfindən ilk dəfə idi ki, səsləndirilirdi. Təbii ki, Prezidentin bu faktı ictimailəşdirməsi Paşinyanın statusla bağlı Ermənistan Parlamentindəki çıxışına cavab idi. Belə ki, Paşinyan status məsələsini indi də fərqli formada parlamentdəki çıxışında yenidən gündəmə gətirib. Bu dəfə o dedi ki, status məqsəd deyil, oradakı ermənilərin təhlükəsizliyini təmin etmək üçün bir vasitədir. Onun sözlərinə görə, əgər əvvəllər danışıqların əsasını Qarabağın statusu təşkil edirdisə, indi əsas hüquq və təhlükəsizlikdir, status bundan yaranan bir məsələdir. Paşinyan deyir ki, ermənilərin təhlükəsizliyini, hüquq və azadlıqlarını həqiqətən təmin edən istənilən status onlar üçün real həll yolu hesab edilməlidir.

Göründüyü kimi Paşinyan yenə ikibaşlı danışaraq “status” məsələsini gündəmə gətirməyə cəhdlər edir. Sadəcə bu dəfə güya manevr edərək, bu məsələni bir qədər fərqli formatda qeyd edir və rəsmi Bakını qıcıqlandırmaq istəmir. Ancaq istənilən halda bu, Paşinyanın verdiyi şifahi razılığa əməl etməməsi anlamına gəlir. Lakin burada bir maraqlı məqam da ondan ibarətdir ki, belə şifahi razılaşmanın iştirakçısı təbii ki, yalnız dövlət başçısı və Paşinyan olmayıb. Deməli, Paşinyan belə bir vədi beynəlxalq vasitəçilərin də qarşısında verib və üzərinə məlum öhdəlik götürüb. Bu isə o deməkdir ki, Prezident tərəfindən bu məsələyə münasibət bildirilməsi təkcə Paşinyana mesaj deyil, həm də beynəlxalq vasitəçilərə ünvanlanmış mesajdır. Belə ki, həmin vasitəçilər Ermənistanı sülh prosesinə zidd addımlar atdığına görə tənqid etməlidir. Tərəflərə məsuliyyəti eyniləşdirən məzmunlu bəyanatlarla müraciət etməməlidirlər. Paşinyan bu cür xaotik gedişləri ilə daxili auditoriya üçün manevr edir ki, hakimiyyətinin ömrünü uzada bilsin. Ancaq vasitəçilər bilməlidir ki, belə addımlar regionda sülhün yaranmasına mane olur. Odur ki, Prezidentin statusla bağlı etdiyi son xəbərdarlıqdan həm Ermənistan, həm də vasitəçilər ciddi nəticə çıxarmalıdır. Prezidentin də dediyi kimi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq”.

Y.Bağırzadə deyib ki, cənab Prezidentin çıxışında digər vacib məqam Zəngəzur dəhlizi və bu dəhlizin açılması ilə bağlı dövlətimizin prinsipial mövqeyi ilə bağlı olub: “Prezident açıq mətnlə bəyan etdi ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq da çətin olacaq. “Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin əfsuslar olsun ki, indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, qəbuledilməzdir” deyən Prezident Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əməl etməsinin vacibliyini qeyd etdi. Həqiqətən də Prezidentin sözügedən məsələ ilə bağlı səsləndirdiyi iradlar tamamilə obyektivliyə söykənir. Belə ki, Ermənistan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməyə borcludur. Lakin təəssüf ki, Ermənistan siyasi rəhbərliyinin dəhlizlərlə bağlı manipulyasiyasına aparıcı dövlətlər, xüsusən də Rusiya öz etirazını bildirmir. Bu ilin martında 2-3 gün qəza səbəbindən Xankəndi qazsız qalanda müəyyən xarici dairələr əl-ayağa düşdülər. Ancaq nədənsə, bir il yarımdan çoxdur ki, Naxçıvana heç bir çıxışın təmin olunmamasına etiraz edən yoxdur. Bu isə növbəti dəfə dövlətimizə qarşı ikili standartların olmasını göstərir. 

Dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılması istiqamətində də çox vacib mesajlar verdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər”.