"2023-cü il seçkiləri nəinki Türkiyə, bütün Türk dünyası üçün önəmlidir" - Politoloq

"2023-cü il seçkiləri nəinki Türkiyə, bütün Türk dünyası üçün önəmlidir" - Politoloq

“Heç şübhəsiz ki, 2023-cü il seçkiləri təkcə Ərdoğan və ya AKP üçün deyil, Türkiyə üçün və bütövlükdə Türk dünyası üçün önəmlidir. Odur ki, Türkiyədə gələn il keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərini biz də maraqla gözləyirik”.

Bunu Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Türkiyədə gələn il keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri haqqında danışarkən deyib. 

O bildirib ki, prosesin nəticələri bütövlükdə Türkiyənin dövlət və cəmiyyət olaraq durumunu ortaya qoyacaq: “Dost və qardaş ölkə olaraq biz təbii ki, Türkiyənin hazırkı siyasi kursu davam etməsini istəyirik. İstəyimiz AKP hakimiyyətinin qarşısına qoyduğu hədəflərə doğru fəaliyyətini davam etdirərək, Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsi sırasına çıxması, yerləşdiyi regionun lideri olmaqla yanaşı, dünyanın söz sahiblərindən biri səviyyəsinə yüksəlməsindən ibarətdir. Çünki Türkiyənin güclü olması Azərbaycanın da güclü olması deməkdir”.

Y.Bağırzadə deyib ki, Türkiyə qlobal geosiyasi proseslərə ciddi təsir edə bilən dövlətə çevrilib və onun bu statusu qoruyub saxlayaraq inkişaf etdirməsi lazımdır: “Ərdoğan hakimiyyəti dövründə Türkiyə təbii olaraq çox işlər görüb. Son 20 il ərzində istər iqtisadi, istər siyasi, istər sosial, istərsə də xidmət sahəsində olduqca böyük yol qət edilib. Aparılan islahatlar, həyata keçirilən layihələr isə göz qabağındadır. Avropa və Asiyanı birləşdirən Çanaqqla körpüsü, Şanlıurfa ilə Adıyamanı birləşdirən Nissibi körpüsü, eləcə də Yavuz Səlim, Osmanqazi kimi Türkiyənin dörd bir yanının bir-birilə birləşdirən körpülər, dəniz üzərində tikilən Ordu-Girəsun, Rizə-Artvin kimi hava limanları da daxil olmaqla Türkiyədə əvvəllər mövcud olan hava limanlarının sayının 25-dən 56-ya çatdırılması, təhsil sahəsində görülən işlər sayəsində məktəb sayının 50 mindən 90 minə, universitet sayının 76-dan 207-ə çatdırılması, nəticədə Türkiyədə orta məktəblərdə müəllim olaraq fəaliyyət göstərən şəxslərin sayının 151 mindən 1 milyon 212 minə, universitet müəllimlərinin sayının 70 mindən 182 minə çatması, ayrı-ayrı təhsil ocaqlarında təhsil alan gənclərin sayının 1.6 milyondan 8.5 milyona çatması, 3 milyard 400 milyondan artıq dərsliklərin pulsuz paylanılması, idman areanlarının sayının 500-dən 4 minə çatdırılması, eləcə də Türkiyədə zamanında mövcud olan 6 min 100 kilometr uzunluğunda olan yolların 28 min 600 kilometrə çatdırılması, sənaye bölgələrinin sayının 192-dən 332-yə çatıdırılması, fermer təsərrüfatlarından gələn milli gəlirin 37 milyard lirədən 337 milyard lirəyə, fermer təsərrüfatlarının ixracını 3,7 milyard dolardan 22 milyard dolara, meşə təssərüfatının 20,8 milyon hektardan 23 milyon hektara, suvarma barajlarının sayının 276-dan 936-ya çatdırılması və sair çoxsaylı böyük nailiyyətlərin hamısı Ərdoğan və AKP hakimiyyəti dönəmində əldə edilib”.

Politoloqun sözlərinə görə, görülmüş bütün bu işlərə baxmayaraq, dünyanı cənginə almış iqtisadi böhran Türkiyədən də yan keçməyib: “İnflyasiya yüksək həddə çatıb, milli valyuta dəyər itirib. Təəssüf ki, Türkiyə gələn ilki seçkilərə məhz bu problemlərlə gedir və bu amil də səsvermədə müəyyən rol oynayacaq. Amma Türk insanının son məqamda, yəni seçki qutusuna getdikdə şəxsi mənfəətini deyil, dövlətin maraqlarını üstün tutacağı şübhəsizdir və biz bunun dəfələrlə şahidi olmuşuq”.

Konkret prezident seçkilərinə gəldikdə isə, “Məlum olduğu kimi, AKP və MHP-nin daxil olduğu Cumhur İttifaqı artıq öz namizədini elan edib. Bu birliyin seçkilərdə vahid namizədi Ərdoğan olacaq. Əks düşərgədə, yəni “Millət” İttifaqında isə hələki konkret namizəd yoxdur. Hazırda CHP və İYİ Partiyanın öncülüyündə qurulmuş, Səadət Partiyası ilə DP-nin də qatıldığı “Millət” İttifaqının tərkibinin genişləndirilməsi müzakirə edilir. Belə ki, vaxtilə AKP hökumətində böyük vəzifələr tutmuş – 13 il ölkənin xarici işlər və daha sonra iqtisadiyyat naziri olmuş Əli Babacan və xarici işlər naziri, baş nazir olmuş Əhməd Davudoğlunun yaratdığı partiyaların da “Millət” İttifaqına qatılması üçün danışıqlar aparılır. Düşünürəm ki, son nəticədə həm Babacan, həm və Davudoğlunun sədrləri olduqları partiyalar da sözügedən ittifaqa qatılacaqlar. Bu tərkib artıq prezident üsul-idarəsinin parlamentar sistemlə əvəzlənməsi üçün bir araya gəlib. Lakin ittifaq tərkibinin genişlənməsi seçkilərə bir il qaldığı vaxtda özü ilə birlikdə problemləri də ortaya çıxaracaq”, - deyə Y.Bağırzadə bildirib.

“Bu problemlər isə onsuzda mövcuddur. Bir müddət əvvəl CHP və İYİ partiya arasında problemlər yaşandığı məlumdur. Belə ki, CHP lideri Kamal Kılıçdaroğlunun DEVA sədri Əli Babacanı ziyarəti sırasında dediyi, “Bu ölkəyə demokratiya gələcəksə, bunun yolu Diyarbəkirdən keçər”, ifadələrinə İYİ Partiya tərəfindən kəskin reaksiya verilib. İYİ Partiya sədrinin müavini Yavuz Ağırəlioğlunun Kılıçdaroğluna, “Demokratiyanın yolu Türkiyə Böyük Millət Məclisindən keçər”, şəklində cavab verməsi İYİ Partiyanın HDP-yə olan münasibəti fonunda ittifaqdakı çatları dərinləşdirib. Prezidentliyə vahid namizədin irəli sürülməsi məsələsində isə partiyalararası münasibətlərin daha da gərginləşəcəyini söyləmək olar. Çünki bu ittifaq içərisində yer alan və ona qatılacağı gözlənilən partiyaların başında olan şəxslərin siyasi keçmişləri, yüksək dövlət vəzifələri tutmalarından qaynaqlanan ambisiyaları prezidentliyə vahid namizədin irəli sürülməsi məsələsini çətinləşdirəcək. Bütün bunlara qarşıdakı bir il ərzində Türkiyənin öz qazından istifadə edəcəyini, Suriyadakı 30 kilometrlik dəhlizin yaranması istiqamətindəki fəaliyyətin uğurlu olacağı halda Suriya qaçqınların həmin bölgələrə köçürülməsini, eləcə də indiyə qədər aparılmış və bundan sonra da terror qarşı əldə edilmiş olduqca böyük uğurları əlavə etdikdə mövcud hakimiyyətin seçkilərdə qələbəsi daha real görünür. Amma yenə də təbii ki, son sözü Türk milləti deyəcək”, - politoloq əlavə edib.