"Prezidentin bu bəyanatı Ermənistana verilmiş xəbərdarlıq mesajı kimi qəbul olunmalıdır" - Politoloq

"Prezidentin bu bəyanatı Ermənistana verilmiş xəbərdarlıq mesajı kimi qəbul olunmalıdır" - Politoloq

“Prezidentin müsahibəsində çoxlu sayda mesajlar var idi və bu mesajlar həm Ermənistana, həm ATƏT Minsk Qrupuna, həm də Rusiyaya ünvanlanmışdı”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib. 

O bildirib ki, Prezident İlham Əliyev müsahibəsində bir çox mühüm məsələləri əhatə edən sualları cavablandırıb: “Bu və ya digər əhəmiyyətli məsələlərlə bağlı ölkəmizin mövqeyinin birbaşa Prezidentin dilindən səsləndirilməsi olduqca vacibdir. Belə ki, müharibənin hərbi fazası başa çatsa da, informasiya müharibəsi hələ də davam edir və belə bir vəziyyətdə aparılan informasiya müharibəsinin də, diplomatik müstəvidə verilən mücadilənin də başında məhz Prezidentin dayanması bütün sahələr üzrə qələbənin təmin edilməsində mühüm rol oynayır. Prezidentin müsahibəsində çoxlu sayda mesajlar var idi və bu mesajlar həm Ermənistana, həm ATƏT-in Minsk Qrupuna, həm də Rusiyaya ünvanlanmışdı. Prezident müsahibədə Ermənistana mesaj olaraq Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifinin ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımağından keçdiyini və Azərbaycanın bu istiqamətdə addımlar atmağa hazır olduğunu bildirdi. Amma eyni zamanda onu da bildirdi ki, bizim təkliflərimiz daimi deyil və Ermənistan bu istiqamətdə konkret addımlar atmasa, nəticəsi Ermənistan üçün ağır olacaq. Prezident haqlı olaraq onu da qeyd etdi ki, sülh müqaviləsinin imzalanmasından sonra belə arxayın olmaq olmaz, çünki bu müqavilə gələcəkdə istənilən an Ermənistan üçün sadəcə kağız parçası ola bilər. Bu baxımdan Prezidentin “heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq” ifadəsi həm Ermənistan hakimiyyətinə, həm də erməni toplumuna verilmiş ən düzgün qiymət idi”.

Politoloqun sözlərinə görə, Prezidentin bu mövqeyi Ermənistan hakimiyyətinin verdiyi vədlərə və götürdüyü öhdəliklərə sadiq olmamasından qaynaqlanır: “Odur ki, beynəlxalq birliyin də, regionda sabitlik və sülh istəyən ayrı-ayrı dövlətlərin də indiki mərhələdə vəzifəsi Ermənistanı sülhə məcbur etməkdən ibarət olmalıdır. Bizim ölkə olaraq vəzifəmiz isə hətta sülh müqviləsindən sonra belə ayıq-sayıq olmaq, hərbi patensialı daha gücləndirmək və erməni revanşistlərinin yenidən baş qaldıracağı halda onların başını əzməyə hazır olmaqdan ibarət olmalıdır”.

“Daha sonra Prezident son günlərdə baş vermiş erməni təxribatlarına da toxunaraq bu təxribatların arxasında ermənilərin haradansa dəstək almaq ümidlərinin olduğunu bildirdi. Doğrudan da son erməni təxribatı Qazaxıstan hadisələrindən sonraya təsadüf edir və ermənilər düşünürlər ki, indi vəziyyəti yenidən gərginləşdirməklə KTMT-nin dəstəyinə ümid edə bilərlər. Elə KTMT-nin son toplantısında Paşinyanın 44 günlük ikinci Qarabağ savaşına toxunaraq müharibə zamanı bölgədə çoxlu sayda terrorçuların olması ilə bağlı sərsəmləmələri də bunu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti indiki mərhələdə, yəni KTMT-yə sədrlik etdikləri dönəmdə bu qurumun imkanlarından maksimum səviyyədə faydalanmaq istəyir. Prezidentin “onlar unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz” bəyanatı da məhz bu cür təxribatçı hərəkətlərlə bağlı Ermənistana verilmiş xəbərdarlıq mesajı kimi qəbul olunmalıdır. Prezident açıq mətnlə dedi ki, əgər bizə qarşı hər hansı bir təhlükə hiss etsək, o təhlükə yerindəcə məhv ediləcək”, - deyə Y.Bağırzadə qeyd edib
 
O, Prezidentin müsahibəsində digər diqqət çəkən məqamın Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı olduğunu deyib: “Onların fəaliyyətində qıcıq doğuran məqamlara toxunan Prezident qanunsuz səfərlərlə bağlı danışarkən buna mütəamdi olaraq etirazların bildirildiyini qeyd etdi. Rusiya tərəfinin Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı “biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub” cavabının inandırıcı olmadığını deyən Prezident Laçın dəhlizində nə baş verdiyindən Azərbaycanın tam olaraq xəbərdar olduğunu dedi. Rusiya sülhməramlılarının nəzarət zonasında olan ərazilərlə bağlı digər maraqlı fakt isə hal-hazırda həmin ərazilərdə vur-tut 27 min erməninin olması ilə bağlı oldu. Prezident bu məsələyə də toxunaraq, Xankəndinə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı ilə gedənlərin sayı arasında böyük fərq olduğunu bildirdi. Prezident hətta gedən maşınların 91 faizinin, qayıdan maşınların isə 46 faizinin yoxlanılmadığını dedi ki, bu da orada olan Rusiya qüvvələrinin faktiki olaraq çıxışa məhdudiyyətlər tətbiq etməsi ilə bağlıdır. Yəni Rusiyanın fəaliyyəti ermənilərin həmin əraziləri tərk etməsinə yol verməməyə hesablanıb. Prezidentin bu dərəcədə dəqiq rəqəmlərlə çıxış etməsi də həmdə Rusiyaya ünvanlanmış mesajdır ki, biz onsuz da hər şeyi görürük və sizin fəaliyyətinizi də izləyirik”.

Politoloq daha bir mesajın isə ATƏT Minsk Qrupuna ünvanlandığını diqqətə çatdırıb: ““ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdır, çünki bu münaqişə həll olunub” deyən Prezident ATƏT Minsk Qrupunun da bu reallığı qəbul etməli olduğunu bildirdi. Prezident tamamilə açıq şəkildə bildirdi ki, onların bundan sonra Qarabağ məsələsi ilə məşğul olmasına biz Azərbaycan olaraq imkan verməyəcəyik. Prezident belə bir bəyanatla çıxış etməkdə tamamilə haqlıdır. Çünki münaqişə tərəflərindən biri olaraq əgər biz münaqişə həll olunub deyiriksə, demək ki, burada vasitəçiliyə də yer qalmır. Mən hələ onların 30 illik fəaliyyətsizliyi və keçən müddət ərzində münaqişənin nizamlanması istiqamətində hər hansı bir addım atmadıqlarını demirəm”.