"Prezidentin özünün təşəbbüsü olan ASAN modeli var və bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir"

"Prezidentin özünün təşəbbüsü olan ASAN modeli var və bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir"

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində diqqəti çəkən əsas məqamlardan biri də korrupsiya və məmur özbaşınalığı ilə mübarizə məsələsi oldu".

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu, cənab Prezidentin məlum mövzuda ilk çıxış və xəbərdarlığı olmasa da, mahiyyətcə çox fərqli bir detala xüsusi istinad etmək vacibdir: "Cənab İlham Əliyev açıq şəkildə elan etdi ki, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Sirr deyil ki, bir çox hallarda bəzi məmurlar cinayətkar fəaliyyətlərini “əvvəlki çoxsaylı xidmətləri” ilə sığortalamağa cəhd edirdilər və təəssüf ki, bəzi hallarda buna nail olurdular. Lakin ötən gün cənab İlham Əliyev “bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir, bunu hər kəs artıq görüb və bilib”, deməklə bu xoşagəlməz tendensiyaya birdəfəlik nöqtə qoydu.

Reallıqda da həqiqətən, Azərbaycan xalqı və dövləti qarşısında xidməti olan heç kəsə dövlət borclu qalmayıb, xüsusən də istər Ümummilli liderin, istərsə də cənab İlham Əliyevin hakimiyyəti illərində xalq və dövlət qarşında ən cüzi xidmət belə dəyərindən də artıq qiymətləndirilib. Bu mənada Prezident İlham Əliyevin belə məzmunda xəbərdarlığı səsləndirməyə dövlət başçısı kimi tam hüququ, həm də insan kimi mənəvi haqqı var. Çıxışa diqqət etsək, dövlət başçısının tələbi kifayət qədər sadədir, “əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin".

Bilirsiniz ki, bu istiqamətdə real bir mənzərə var, tamahına, acgözlüyünə əsir olan çox sayda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və digər vəzifəli şəxslərlə bağlı ciddi hüquqi addımlar atılıb. Bir qisminin barəsində ibtidai və məhkəmə istintaqı bu gün də davam edir. Bu mənada mən cənab İlham Əliyevin fikirlərini jurnalistin sualına ümumi xarakterli cavab hesab etmirəm, bu ciddi xəbərdarlıqdır və əhəmiyyətli mətləblərdən xəbər verir".

Millət vəkili qeyd edib ki, Cənab Prezidentin bu xəbərdarlığı və atılan addımlarla bağlı mövqeyi onun üç istiqamətdə fəaliyyətin gedişatından razı qaldığını göstərir:

Birincisi, cənab Prezident cinayət mühakimə icraatının vəzifələrinə uyğun olaraq cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb ediləcəyini və heç kimin məsuliyyətdən boyun qaçıra bilməyəcəyini, əmələ hüquqi qiymət verilərkən qanunçuluq və qanun qarşısında bərabərlik prinsipinin rəhbər tutulduğunu və barəsində hüquqi tədbir görülən şəxslərin haqlı cəzalarını aldıqlarını deməklə, ölkədə hüquq-mühafizə orqanlarının, xüsusən, məhkəmələrin fəaliyyətinin ümumən onu qane etdiyini göstərdi.

İkincisi, bəzi kadrların müəyyən zamanlarda özünü doğrultmamasına baxmayaraq, hakimiyyətin bütün qollarında aparılan kadr islahatları qaneedicidir və Prezident İlham Əliyev hesab edir ki, hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında həyata keçirilən böyük dərəcədə ciddi kadr dəyişikliyi korrupsiyaya qarşı mübarizədə önəmli rol oynamaqdadır.

Ən nəhayət, artıq ortada sınaqdan çıxmış, şəxsən cənab Prezidentin özünün təşəbbüsü olan ASAN modeli var və bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir".