"Prezidentin Qoşulmama Hərəkatına üzv ölkələrə təsisatlanma ilə bağlı çağırışı çox ciddi əhəmiyyətə malikdir" - POLİTOLOQ

"Prezidentin Qoşulmama Hərəkatına üzv ölkələrə təsisatlanma ilə bağlı çağırışı çox ciddi əhəmiyyətə malikdir" - POLİTOLOQ

"Prezidentin çıxışı dünyada mövcud olan ikili standartların ifşası baxımdan çox əhəmiyyətli oldu". 

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin çıxışını şərh edərkən deyib.

O bildirib ki, Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatlarından biridir: "1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayıb. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Qoşulmama Hərəkatının təməlində suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri dayanır. Azərbaycan da bu prinsiplərə sadiqlik nümayiş etdirərək 2011-ci ildə Qoşulmama Hərəkatına qoşulub və bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır". 

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrlik etdiyi müddət ərzində xeyli işlər görüb: "Buna misal olaraq COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünü, COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasını, BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə xüsusi sessiyasını, eləcə də BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 22 mart 2021-ci il tarixində qəbul edilmiş pandemiyaya qarşı peyvəndlərin ədalətli və bərabər bölüşdürülməsinə dair qətnamənim qəbulunu qeyd edə bilərik. Bununla yanaşı, Azərbaycan tərəfinin təklifinə uyğun olaraq Qoşulmama Hərəkatı üzv dövlətlərində post-münaqişə dövrü bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyəti ilə də bağlı da qərar qəbul olunub. Bütün bu təşəbbüslər quruma üzv ölkələr tərəfindən yüksək qiymətləndirilib. Qlobal miqyasda, belə bir mürəkkəb dövrdə Qoşulamama Hərəkatına uğurlu sədrliyinə görə Azərbaycanın qurumdakı sədrlik müddəti bir il də artırılıb.

​Son iclasa gəldikdə isə 2021-ci il 11 oktyabr tarixində Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev öz çıxışında bir sıra olduqca vacib məqamlara toxunaraq Hərəkatın tarixi, prinsipləri, Azərbaycanın bu quruma üzvlüyündən və sədrliyindən bəhs edərək təşkilatın fəaliyyəti ilə bağlı bir sıra təşəbbüslərlə çıxış etdi. Prezident İlham Əliyev münaqişəli məsələlərin həllində dünyanın ikili standartlara əsaslanan siyasətinin mənfi təsirlərindən geniş şəkildə bəhs etdi və Azərbaycanın 30 ilə yaxın dövrdə bu kimi ikili yanaşmaya məruz qaldığını bildirdi. “Ermənistan beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edərək Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxladı” deyən Prezident bununla dünya birliyinin diqqətini növbəti dəfə BMT Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələrə yönəltdi. Bu məsələyə mütəmadi olaraq diqqətin cəlb olunması olduqca vacibdir və dünyada mövcud olan ikili standartların ifşası baxımdan çox əhəmiyyətlidir. Çünki fakt ondan ibarətdir ki, dünya təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoymayıb və bu ikili standartların ən bariz nümunəsidir. Prezident çıxışında həmçinin Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstəyə də toxunaraq, həmin ölkələrin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan verməməsi haqqında da danışdı.

Doğurdan da həmin dövrdə, daha konkret desək 2020-ci il noyabrın 6-da BMT tərəfindən belə bir cəhd olmuşdu və Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan 7 ölkə - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent həmin cəhdin qarşısının alınmasında müstəsna rol oynadılar. ATƏT Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında ölkəmizin maraqları əleyhinə qətnamə qəbul ediləsydi, Azərbaycana qarşı siyasi təzyiqlər artacaqdı və nəticədə biz hücumu dayandırmaq təhlükəsi ilə üzləşəcəkdik. Odur ki, Qoşulmama Hərəkatının məlum 7 ölkəsinin bu məsələdə rolu yüksək qiymətləndirilməlidir. Bu ölkələrin Azərbaycana verdiyi dəstək isə heç şübhəsiz ki, müstəqil mövqeyi ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycanın dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanması, eləcə də Prezidentin şəxsi nüfuzu ilə bağlıdır". 

Politoloq qeyd edib ki, Prezidentin çıxışında digər vacib bir məsələ Qoşulmama Hərəkatına üzv dövlətlərin təsisatlanması ilə bağlı olan təklif oldu: "Prezidentin quruma üzv ölkələrə təsisatlanma ilə bağlı etdiyi çağırış çox ciddi əhəmiyyətə malikdir. Bunun anlamı ondan ibarətdir ki, qurumun daxilində digər mühüm sahələrə dair də əməkdaşlıq platformaların yaradılması ilə bağlı təşəbbüslər irəli sürülsün. Artıq bununla bağlı ilkin addım atılıb. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirib. Bu olduqca vacib və tarixi bir hadisədir. Çünki təsis edilən Gənclər Şəbəkəsi Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarını təmin etmək istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə necə həll edilə biləcəyi barədə fikir mübadiləsi aparmaq imkanı verəcək".