"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı

"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı

"Neftçi" klubu UEFA Avropa Liqasında II təsnifat mərhələsinin oyununa çıxıb. 

Füzuli Məmmədovun baş məşqçi olduğu komanda Türkiyə "Qalatasaray"ını qəbul edib. 

Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə yaradılıb. Qapıçı Aqil Məmmədov komandasını real qoldan xilas edib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.

"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissənin ilk dəqiqəsində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə künc zərbəsindən sonra Mamadu Mboc başla fərqlənib. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama "korner"dən sonra komandasını yenidən önə keçirib.

57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə isə Mbaye Diaqne "Neftçi"nin müdafiəsindəki səhvdən sonra özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son qələbəsini isə 2018/2019 mövsümündə Rusiya "Lokomotiv"i üzərində qazanmışdı - 2:1.

Bununla da "Neftçi" avrokuboklarda mübarizəni dayandırıb. "Qalatasaray" isə III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələəcək.