Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü - FOTOLAR

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü - FOTOLAR

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib.

Axeber.az bildirir ki, tədbirin keçirilməsində məqsəd Qəbələdə yerləşən ümumtəhsil məktəblərinin şagirdləri və onların valideynlərini peşə təhsil mərkəzi ilə tanış etmək, mərkəzdə tədris olunan ixtisaslar və təlim prosesi barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də peşə təhsilini təbliğ etməkdir.

Tədbirdə pedaqoji heyət mərkəzin fəaliyyəti və duala bənzər peşə təhsili və təlimi yanaşmasının tələbələr üçün yaradığı imkanlar barədə ətraflı məlumat veriblər.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə çıxış edərək peşə təhsilinə göstərilən qayğı, bu sahədə əldə olunan nailiyyətlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə danışıb.

Tədbirdə tələbələrin tərəfdaş müəssisələrdə qatıldıqları təlimlər, müəssisələrə təşkil olunan səfərlər haqqında məlumat verilib, video-çarx və fotoşəkillər nümayiş etdirilib.

Tədbirin növbəti hissəsində Mərkəzin qənnadçı – şirniyyatçı qrupunun məzunu tərəfindən şirniyyatın bəzədilməsi üzrə master klas təşkil olunub.

Qeyd edək ki, tədbir Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə icra olunan “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin dəstəyi ilə keçirilib. Layihə turizm və kənd təsərrüfatı sektorlarını əhatə edən peşə təhsili ixtisasları üzrə müasir kurikulum, tədris materiallarının hazırlanması, eyni zamanda müəllim və usta heyətinin təlimləndirilməsini nəzərdə tutur.

Qaynar xətt

055 530 3064