Regionda yeni, çox ümidverici şərait yaranıb - Prezident İlham Əliyev

Regionda yeni, çox ümidverici şərait yaranıb - Prezident İlham Əliyev

Regionda yeni, çox ümidverici şərait yaranıb.

Axeber.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.

Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar".