Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib - FOTOLAR

Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib - FOTOLAR

Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyinin SABAH qrupları və “Sağlam təhsil-sağlam millət” layihələrinin birgə əməkdaşlığı ilə Sağlam təhsil-SABAH auditoriyasının açılış mərasimi keçirilib.

Axeber.az bildirir ki, açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, SABAH qruplarının İcra komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin direktoru Şamil Süleymanlı, universitetin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Mərasimdə qeyd olunub ki,  ADPU-nun SABAH qruplarının ibtidai sinif müəllimliyi ixtisası üçün nəzərdə tutulan auditoriya “Sağlam təhsil – sağlam millət” layihəsinin konsepsiyasına uyğun olaraq təchiz olunub və  tələbələrin yeni təhsil texnologiyalarından birbaşa istifadəsinə imkan verir. Sağlam təhsil şəraitli tədris tələbələrin təhsil keyfiyyətini yüksəldir, onlara yeni bilik və bacarıqlar aşılayaraq dərslərin sağlam təhsil modeli üzrə aparılmasına imkan yaradır. Sağlam təhsil auditoriyası SABAH tələbələri üçün müasir təhsil laboratoriyası qismində çıxış edir.

Qeyd edilib ki, hər iki layihənin 5 illik birgə fəaliyyəti çərçivəsində SABAH tələbələri üçüncü tədris ilinin qış tətili dövründə plandan kənar olaraq ümumtəhsil məktəblərində “Sağlam təhsil sinifləri”ndə təlimlərdə iştirak edir,  2 həftəlik təcrübəyə cəlb olunur, bu siniflərin quruluş və iş prinsipləri ilə yaxından tanış olurlar.

Bu müddət ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alan 97 SABAH tələbəsi “Sağlam təhsil sinifləri”ndə pedaqoji təcrübəyə cəlb olunub.

Layihələrin birgə əməkdaşlığı əmək bazarının tələblərinə uyğun savadlı, bacarıqlı, hazırlıqlı mütəxəssisləri formalaşdırıb fiziki-psixi və mənəvi cəhətdən sağlam, yüksək təlim və yaradıcılıq qabiliyyətinə malik proqressiv vətəndaşın yetişməsinə imkan yaradır.