Şəhid Daşqının “səni alacam” dediyi gürcü qızı: “Soruşdum ki, burada üşümürsən?” - FOTO

Şəhid Daşqının “səni alacam” dediyi gürcü qızı: “Soruşdum ki, burada üşümürsən?” - FOTO

Onlar 44 günlük Vətən müharibəsində tanındılar. Qısa müddətdə sosial şəbəkələrdə yayılan videolarını hər kəs izlədi. Qovuşmaları üçün dualar edildi. Amma Daşqın Şəfiyev 5 noyabrda Laçının işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid oldu.

Müharibə zamanı əsgərlərə zarafatla video çəkən və “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı”, - deyən gürcü qızı Nana Davidaşivili ilə Modern.az-ın əməkdaşı söhbətləşib.

Nana yeddi yaşında ikən qəza nəticəsində ata və anasını itirir. Altı yaşlı bacısı ilə tək qalırlar. Qısa müddətdən sonra Gürcüstanda yaşayan Azərbaycan əsilli bir qadın, Nazlı Muradova ona və bacısına sahib çıxır. 10 il onlara ana kimi baxır, böyüdür. On ildən sonra onlar ikinci dəfə anasız qalırlar...

“Nazlı anamızın oğlu həbsxanada idi. Narkotik istifadəçisi idi. Oğlu azadlığa çıxandan sonra Gürcüstandan Türkiyəyə köçdülər. İki ildir heç bir xəbər ala bilmirəm. Sosial şəbəkədə nə qədər axtarsam da, tapa bilmədim. Düşünürəm ki, bizi oğlundan qorumaq üçün bütün əlaqələri kəsdi və yenidən, ikinci dəfə anamızı itirdik”.

“Ana tərəfdən kimsəmiz yoxdur. Bir əmim var, Almaniyada yaşayır, biz tanımırıq. Valideynlərimizi itirəndə babam əmimə zəng etdi ki, uşaqlara sahib çıx. Onun da həyat yoldaşı icazə vermədi. Dedi ki, mənim onlara baxmağa səbrim yoxdur, aparın uşaq evinə verin. Onlar bizi istəmədi, biz də onları həyatımızdan sildik. Babam çox yaşlı idi və üstəlik övlad dərdi vardı”.

Nana Davidaşivilinin 19 yaşı var. Hazırda Tibb Universitetinin ikinci kursunda, kardiologiya üzrə oxuyur. Bacısının 17 yaşı var. 17 yaşa qədər Gürcüstan dövləti onlara maddi dəstək verib. Hazırda Nana həkim köməkçisi kimi çalışır və tələbə təqaüdü ilə maddi ehtiyaclarını ödəyir.

Çətin də olsa, məşhur videonu çəkilmə gününü xatırlayır...

“Azərbaycanı çox sevirəm. Müharibə başlayanda biz də azərbaycanlı tələbələrdən narahat idik. Sosial mediadan son xəbərləri izləməyə çalışırdıq. Bir gün dərsə gəldim ki, azərbaycanlı tələbələr sevinirlər. Həmin gün hansısa şəhər işğaldan azad olunub. Mən də sevindim. Birdən kimsə dedi ki, 30 ildən sonra Qarabağı aldılar, biz yenə evdə qaldıq, alan olmadı. Bu sözə uyğun video çəkdim və gülmək üçün sosial şəbəkədə hekayə bölümündə paylaşdım. Kimsə videonu yüklədi və yaydı.

Beləliklə, video Daşqına çatdı. Sonra o cavab videosu çəkdi. Dostlar həmin videonu mənə göndərdilər. Videolarımız bütün Azərbaycanda yayıldı. Düzü, bu qədər izləniləcəyini təsəvvür etmirdim. Əvvəli adi zarafatla başlasa da sonu göz yaşı ilə bitdi”.

Videodan sonra Daşqını axtarmadığına çox peşmandır Nana. Deyir, axtarmağa, yazmağa utandım...

“Şəhid olandan sonra telefonunu qardaşı Orxana verirlər. O videonu görəndən sonra məni axtarıb, tapdı. Yazdı ki, Daşqın şəhid olub. Həmin gün dünya başıma yıxıldı... Uzun müddət özümə gələ bilmədim, ağladım. Ölümündən sonra tanıdım, çox bağlandım. Daşqına üç mahnı, iki şeir yazdım... İndi Orxanla hər gün danışıram. Anası, atası ilə danışmağa çalışdım. Heç birimiz danışa bilmədik. Qəhər, göz yaşları imkan vermədi... Orxan ən yaxın dostumdur. Və təsadüfə baxın ki, Orxanla ad günümüz də eyni gündədir. Ötən il nə o, nə də mən ad günlərimizi qeyd etmədik.

Çox səmimi, mehriban insanlardır. Daşqının ad günündə və ildönümündə evlərinə çiçək göndərdim. Onun şəhid olduğu yeri ziyarət edə bilmərəm, buna dözə bilmərəm. Amma ən böyük arzum otağını görmək və məzarını ziyarət etməkdir”.

Daşqın şəhid olandan iki ay sonra onlar ilk dəfə yuxuda görüşürlər...

“Çən, duman idi. Daşqının üzünü aydın görə bilmirəm. Amma səsi açıq-aydın videolardakı səs idi. Məni dağ kimi bir yerə çağırdı: “Nana, gəl”, - dedi. Böyük düzənlik, təpəliklər olan bir yer idi.

Dedi, Kəlbəcərdir. Soruşdum ki, burada üşümürsən? Yer iki hissəli idi. Bir tərəf çiçəklərlə, digər tərəf isə qarla örtülüdür. Çiçək olan tərəfi göstərib dedi ki, ən çox burada oluram. Sonra balaca bir çiçək dərdi. Əlimi uzatdım ki, götürüm, vermədi. Bir daşın üzərinə qoydu. Dedi ki, buzludur, isinsin götürərsən. Çiçəyə baxdım. Bir də gördüm dumana qarışıb gedir. Sanki taleyimə itirmək yazılıb. Bir də üzünü görə bilməyib, sevdiyim birini itirdim. Həyatda qovuşmasaq da, fotolarımızı proqramla birləşdirmək də bir təsəllidir mənə”.