Standartlaşdırma İnstitutunun departament direktorunun müavini rüşvətə görə həbs edildi

Standartlaşdırma İnstitutunun departament direktorunun müavini rüşvətə görə həbs edildi

"Azərbaycan Standartlaşdırma İnstitutu"nun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizov həbs edilib.

Axeber.az xəbər verir ki, R. Əzizov rüşvət almaqda ittiham edilir.

Onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-ə təyin edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan qurumların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilib.

Bu tədbirlər çərçivəsində "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxsdə aparılan daxili yoxlamalar zamanı İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizovun fəaliyyətində aşkar olunan pozuntulara dair materiallar 2021-ci ilin mart ayında hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) göndərilib.