Tanınmış prokuror, şair Sabir Abdinov yeni şeirlər yazdı

Tanınmış prokuror, şair Sabir Abdinov yeni şeirlər yazdı

Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Sabir Abdinov e-huquq.az-ın redaksiyasına son yazdığı şeirləri göndərib. Onlar arasında koronavirusa həsr olunan, insanları evdə qalmağa səsləyən şeir də var. 

Qeyd edək ki, Sabir Abdinov uzun illərdir ki, prokurorluq orqanlarında çalışmaqla yanaşı bədii yaradıcılıqla məşğuldur, 6 kitabın müəllifidir. 

Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib.

"Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnıların sözləri ona məxsusdur. 

Sabir Abdiovun son şeirlərinin bir-neçəsini təqdim edirik:

 

HƏMRƏY OLAQ, EVDƏ QALAQ


 

Bu virusun adı tacdı,

Qəfil gəldi, yaman acdı,

Hər qapını tez də açdı,

Həmrəy olaq, evdə qalaq.

 

 

Taclı virus gəlib Çindən,

Dünya boyu biçindədi,

Hamı təlaş içindədi,

Həmrəy olaq, evdə qalaq.

 

 

Körpə, qadın, qoca bilməz,

İnsanlığın adın bilməz,

Bu dünyanın dadın bilməz,

Həmrəy olaq, evdə qalaq.

 

 

Bu baharın gülmür üzü,

Batıb səsi dağın, düzün.

Susub quşlar, yoxdur sözü,

Həmrəy olaq, evdə qalaq.

 

 

Daha bəsdir, dayan, insan,

Daha gecdir, oyan, insan!

Bir-birinə həyan insan,

Həmrəy olaq, evdə qalaq.

 

 

Bu yaz donub.., qara daşdır,

Bu olanlar təbiətin

Bəlkə bizə qarğışıdır?!

Həmrəy olaq, evdə qalaq.

 

1 aprel 2020-ci il.

 

 

GƏL, BİR AZ SÖHBƏT EDƏK

 

(yaş yarımlıq nəvəm Ümrəsultana)

 

 

Bezdim bu dünyanın

ölüm xəbərlərindən,

müharibə xəbərlərindən.

Bezdim dünyanı silkələyən virus xəbərlərindən,

bezdim dartışmalardan,

mənasız yarışmalardan.

Gəl, bir az söhbət edək sənin dilində,

bir az da oynayaq sənin kimi.

Nə yaxşı ki, sən bu dünyanın

bu bəd xəbərlərindən,

müharibələrindən,

viruslarından,

ölümlərindən xəbərsizsən, xəbərsiz.

Gəl, bir az söhbət edək sənin dilində,

bir az da oynayaq sənin kimi.

İlahi, dünya necə də gözəldi!

Bir az da oynayaq,

bir az da danışaq.

Bəlkə bu dünya düzəldi,

bəlkə də bu xəbərlər səngidi,

dayandı...

Gəl, quzum,

gəl, bir az da söhbət edək

sənin dilində,

bir az da oynayaq

sənin kimi.

Deyəsən çox yordum səni,

get, bir az da yat,

sonra da

gülüşünlə

dünyanı oyat!

Qarışdırma yuxunu,

gülüşünlə, təbəssümünlə

barışdır insanları,

barışdır təbiətlə insanları,

barışdır hamını,

barışdır!

 

29 mart 2020-ci il.

 

 

SÖZÜM DİLİMDƏ QALDI

 

Sözüm dilimdə qaldı,

dilim yanacaq.

Sözüm əlimdə qaldı,

əlim donacaq.

Sözüm gözümdə qaldı,

gözüm dolacaq.

Sözüm əlimdə əsa,

gözümdə eynək,

dilimdə qubar oldu.

Sözüm göylərdə yağış,

dağlarda nübar oldu.

... Sözüm bayrağımdı,

göy üzü varağım.

Sözüm torpağımdı,

qələmim yarağım.

Sözüm

ruhumdu,

uzaqlarda qalanım,

itənimdi ...

Anamdı,

balamdı,

Vətənimdi sözüm.

 

16 fevral 2020-ci il.

 

 

 

O KƏND YOLU

 

Süründüyüm bir təpədir,

Aşırdığım bir çəpərdir,

Unutduğum bir körpədir

o kənd yolu.

 

 

Duman burda tez dağıldı,

Hər qarışı bir nağıldı,

Saçlarımda bir sığaldı

o kənd yolu.

 

 

Hər yolçuya dilək oldu,

Yıxılanda bələk oldu,

Arzulara ələk oldu

o kənd yolu.

 

 

Əzizləyib yola saldı,

Sinəsində əksim qaldı,

Ürəyimdə indi xaldı

o kənd yolu.

 

 

Mənim evim, eşiyimdi,

Bir cüt gözdü, bir cüt qoldu.

Dünya boyda beşiyimdi

o kənd yolu.

 

Mart, 2020-ci il

 

 

NƏ YAXŞI DÜNYADA SÖZ VARMIŞ

 

 

Yıxılırdım,

tökülürdüm,

sıxılırdım,

bükülürdüm

əlimdən,

gözümdən,

dilimdən,

qolumdan,

ayağımdan,

sonra da saşlarımdan

tutdu söz.

Yıxılmağa,

tökülməyə,

sıxılmağa,

bükülməyə

qoymadı məni söz.

Nə yaxşı ki, dünyada söz varmış...

hamıdan güclü,

hamıdan doğma

və ucalardan

uca söz.

 

 

GÖZLƏRİNƏ YAĞIŞ YAĞIR...

 

Səni itirmədim,

səni unutmadım.

Bu gün də sənsən

mənim adım,

andım.

Dünya boyda bir evdim,

səni sevdim.

Dünyanı qorumaq

və sevmək üçün

səni gözlərimə yığmışdım -

damcı-damcı,

ləçək-ləçək...

İndi də göylərdən yağıram

baxa-baxa gözünə,

yağıram pəncərənə,

yağıram yoluna, izinə.

İlahi, necə də xoşbəxtdir

bu yağan yağış...

Sən də xoşbəxtsən,

sənə baxıb

mən də xoşbəxt oluram.

Sənə, mənə baxıb

xoşbəxt olur ağaclar,

çiçəklər,

xoşbəxt olur bütün insanlar

və ağ don geyinir

yer üzü,

göy üzü.

Hamı xöşbəxt-xöşbəxt

bizə baxır...

və yenə günəş işığında

gözlərinə yağış yağır,

damcı-damcı,

ləçək-ləçək.

 

Mart, 2020-ci il

 

 

ƏLLƏRİM AĞLADI ÜZÜMDƏ MƏNİM

 

 

Əllərim ağladı üzümdə mənim,

Gözüm dalğalandı, döndü dənizə.

Üşüdü əllərim, dondu əllərim

Əllərim həsrətdir o ağ bənizə.

 

 

Əlim çatmayanda sənin əlinə

Töküldü əllərim dizimin üstə.

Əllərim əlinə qovuşmayanda,

Yıxıldım torpağa üzümün üstə.

 

 

Əllərim sərildi göyün üzünə,

Elə bil əllərim bir ağ varaqdı.

Ovucumda qaldı bu dünya özü,

Əllərim göylərdə bir ağ çıraqdı.

 

Əllərim ağladı üzümdə mənim,

Həsrətdən üzüm də alışdı, yandı.

Əllərim əlinə toxunan axşam,

Əllərim yuxudan nə tez oyandı.