Təbii qaz üzrə tariflərin dəyişdirilməsinin səbəbləri və təsirləri açıqlandı

Təbii qaz üzrə tariflərin dəyişdirilməsinin səbəbləri və təsirləri açıqlandı

Tarif (qiymət) Şurasının bu günkü iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair müvafiq qərarlar qəbul edilib.

Axeber.az xəbər verir ki, qərara əsasən əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılır.

Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılır.

"Azəristiliktəchizat" ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır. Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə - 1 000 kubmetrüçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılır;

"Azərkontrakt" ASC tərəfindən "Azərenerji" ASC-yə enerji istehsalı üçün satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır. Hasilatçıdan ("Azneft" İB) alınan qazın tarifi 7,5 qəpikdən 9 qəpiyə artırılır;

Bundan başqa, "Azərkontrakt" ASC tərəfindən "Azəriqaz" İB və "Naxçıvanqaz" İB-yə satılan qazın tarifi 11 qəpikdən 11,8 artırılır.

İxrac olunan elektrik enerjisinin, habelə enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün təbii qaz istehsalçı tərəfindən müqavilə qiyməti ilə alınır.

Tarif dəyişikliyinin aparılması zərurəti və səbəbləri:

Daxili səbəblər:

- Ötən dövr ərzində ölkədə təbii qazın istehlakı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərinin sayı yüksəlib. Nəticədə dövlətin xərcləri xeyli dərəcədə artıb və 1 000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir;

- Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur. İl ərzində 1 200 kubmetr qaz istehlak edənlər abonentlərin 51 %-ni təşkil edir. Hazırda əhali qrupuna aid abonentlərə təbii qazdan 1 200 kubmetrədək istifadə etdiyi halda qazın 1 000 kubmetri 100 manata (58,82 ABŞ dolları), illik qaz istehlakı 1 200 kubmetrdən çox olan əhali üçün 200 manata (117,65 ABŞ dolları), illik 2 500 kubmetrdən çox təbii qaz istehlak edən abunəçilər üçün isə 250 manata (147,06 ABŞ dolları) satılır. Beləliklə, təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır;

- Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılır;

- Enerji təchizatı sahəsinin dövlət büdcəsindən asılılığı subsidiyalaşdırılma azalır;

- Sahəyə investisiya qoyuluşlarının təmin edilməsi üçün imkanlar genişlənir və cəlbedicilik artır;

- Təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün yaranan zərurət qarşılanır.

Xarici səbəblər:

- Dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVID-19 pandemiyasının tədricən səngiməsi, dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən başlayaraq qazın qiyməti artmağa başlayıb. İlin əvvəlində 1 000 kub metri 335 ABŞ dolları olan təbii qaz iyul ayında 500 ABŞ dollara, avqustda 600 ABŞ dollara yaxın olub. Sentyabrda qiymət artımı davam edib, birjalarda 1 000 kubmetri 700 ABŞ dollara olan qazın qiyməti oktyabr ayına birjada (İCE) 1 200-1 400 ABŞ dolları aralığında təklif olunub. Beynəlxalq Enerji Agentliyi qazın yüksək qiymətlərinin 2022-ci ilin birinci rübündə də davam edəcəyini proqnozlaşdırır;

- Qış fəslinin yaxınlaşdığı ərəfədə Rusiyanın “Qazprom” şirkətinin qaz təchizatını azaldacağına dair açıqlaması birjalarda qiymət artımına səbəb olub. 2021-ci ilin qalan aylarında Avropaya qaz təchizatında 20-23% azalma gözlənilir;

- Qazın qiymət artımına səbəblərdən biri də Avropada qaz ehtiyatlarının kəskin azalmasıdır. Gas Infrastructure Europe (GIE) təşkilatının məlumatına görə, hazırda Almaniyada qaz rezervuarlarının 69,3%-i. Avropada isə 75,9%-i doludur;

- Enerji böhranı Avropa və Asiya bazarları arasındakı rəqabəti kəskin artırıb. Çin, Yaponiya, Koreya və Tayvan kimi sürətlə böyüyən iqtisadiyyatlar Avropanın ənənəvi mayeləşdirilmiş təbii qaz təchizatçıları üçün daha cəlbedici bazarlara çevrilib. 2021-ci ilin ilk 8 ayında Yaponiya, Cənubi Koreya və Tayvanın təbii qaz idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 7 %, Çinin LNG idxalı isə 30 % artıb;

Tarif dəyişikliyinin əhaliyə təsirləri:

- İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1 000 kubmetr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq;

Təbii qaz tarifləri üzrə bəzi ölkələrlə müqayisə:

- 2021-ci ildə 1 kub metr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik:

Türkiyədə - 36 qəpik;

Ukraynada - 87 qəpik;

Gürcüstanda - 29 qəpik;

Belarusda - 34 qəpik.

- 1 kub metr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik:

Türkiyədə - 60 qəpik;

Ukraynada - 2 manat;

Belarusda - 55 qəpik.

Tarif tənzimlənməsi dövlətin iqtisadi siyasətinə uyğun olaraq aşağıdakı məsələlər nəzərə alınmaqla həyata keçirilib:

- Enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması;

- İqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması;

- İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsi;

- Biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması;

- Resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi;

- İstehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması;

- Dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsi;

- Mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması;

- Region ölkələri (beynəlxalq) üzrə qiymətlərin kəskin artımı.

Tarif dəyişikliyinin iqtisadiyyata müsbət təsirləri:

- Dövlət büdcəsindən asılılığın, subsidiyaların aradan qaldırılması;

- Büdcədə sərbəstləşən vəsaitin digər büdcə xərclərinə və sosialyönümlü tədbirlərə yönəldilməsi;

- Yeni investisiya qoyuluşlarının təmin edilməsi;

- İstehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi imkanının yaradılması;

- Təbii qaz hasilatı və satışı sahəsinin, o cümlədən hasilatçıların zərərlə fəaliyyətinin qarşısının alınması;

- İqtisadiyyatın ayrı-ayrı sektorlarında yeni tariflərlə əlaqədar təbii qazın maya dəyərində xüsusi çəkisinin artımı 0,1-2,4 % həcmində proqnozlaşdırlır.

Loading...