Təhlükəli xəstəliklə bağlı baş infeksionistdən əhaliyə - XƏBƏRDARLIQ

Təhlükəli xəstəliklə bağlı baş infeksionistdən əhaliyə - XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, Çində yeni növ koronavirus xəstəliyindən ölənlərin sayı doqquz nəfərə, müəyyən edilmiş yoluxmuşların sayı isə 440 nəfərə çatıb.

Axeber.az-ın məlumatına görə, yayılan yeni növ virusla bağlı Lent.az -a açıqlama verən Azərbaycanın baş infeksionisti Cəlal İsayev ölkədən Çinə gedən şəxslərə müraciət edib:

"Çinə gedənlər maksimum özlərini gözləməli, respirator xəstəliyi olan, zökəm əlaməti olan adamlardan uzaq gəzməlidirlər. Bundan başqa yediyi qidalara diqqət etməlidirlər, çünki sözügedən virus qida vasitəsilə və ya xəstə olan şəxslə sıx təmas nəticəsində yoluxa bilər. Dediyim məsələlər gözlənilərsə, xəstəliyin yoluxma ehtimalı çox aşağı olar".

C.İsayev qeyd edib ki, Çinin xəstəlik yayılan bölgəsindən ölkəyə gələn şəxslər barədə Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülüb:

"Sözügedən ərazilərdən gələn aviareyslərdəki şəxslərin ilk olaraq temperaturları yoxlanılacaq. Daha sonra xəstəlik aşkarlanan şəxslərin ölkəyə girişinə qadağa qoyulacaq və onlar ölkədən təcrid olunacaqlar".

Xatırladaq ki, Səhiyyə Nazirliyi yanvar ayının 16-da Çinin Hubei əyalətinin Vuhan şəhərində "2019-cu il dekabrın 31-də naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar olunması ilə bağlı məlumat yayaraq bildirmişdi ki, koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur.