"Tərtər işi" üzrə təqsirləndirilən 11 nəfərin cinayət işi prokurorluğa qaytarıldı - YENİLƏNDİ

"Tərtər işi" üzrə təqsirləndirilən 11 nəfərin cinayət işi prokurorluğa qaytarıldı - YENİLƏNDİ

"Tərtər işi” üzrə təqsirləndirilən 11 nəfər - kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovun cinayət işi prokurorluğa qaytarılıb.

Axeber.az xəbər verir ki, Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə icraata xitam verilməsi barəsə qərar çıxarılıb.

Məhkəmənin qərarına əsasən, cinayət işi ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurorluğa qaytarılıb.

***

09.43

“Tərtər işi” ilə bağlı ittiham olunaraq təqsirləndirilən 11 nəfərin işi yenidən araşdırılmağa başlayır.

Axeber.az xəbər verir ki, iş üzrə hazırlıq iclası bu günə təyin olunub.

Gəncə Hərbi Məhkəməsində keçiriləcək bugünkü iclasda ilkin dinləmələrin keçiriləcəyi, işin baxışa təyin olunacağı gözlənilir.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda “Tərtər işi” çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 19 nəfərin hər biri barəsindəki hökmlər ləğv olunub. Onlardan 12 nəfərin işi Gəncə Hərbi Məhkəməsinə, 7 nəfərin işi Tərtər Hərbi Məhkəməsinə qaytarılıb.
12 nəfərə daxil olan məhkum Emil Əliyevin işi ayrıca araşdırılacaq.

Mənbə: APA