"Təsadüfi adamların hakimiyyətə gəlməsinin acı nəticələrini hər birimiz yaşadıq" - Politoloq

"Təsadüfi adamların hakimiyyətə gəlməsinin acı nəticələrini hər birimiz yaşadıq" - Politoloq

“Torpaqlarımızın işğala məruz qalmasının səbəblərindən biri də həmin dövrdə ölkə idarəçilində olan hərci-mərclik idi”.

Bu sözləri Axeber.az-a açıqlamasında politiloq Yusif  Bağırzadə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 25 noyabr tarixli çıxışını şərh edərkən deyib. O bildirib ki, Kəlbəcər rayonunun işğal altına düşməsində də o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi birbaşa məsuliyyət daşıyır.

“Həmin dövrdə ölkədə baş verən hadisələrin təhlili onu deməyə əsas verir ki, əgər hakimiyyətdə xaos və siyasi böhran olmasaydı bəlkə də torpaqlarımızın işğal altına düşməsinin qarşısını almaq olardı. Cənab Prezident də haqlı olaraq qeyd edir ki, “əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi”. Kəlbəcər rayonunun işğal altına düşməsində də o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsi birbaşa məsuliyyət daşıyır. Xatırlayırsınızsa, 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Ölkədə daxili çəkişmələr baş alıb gedirdi və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə öz növbəsində bundan istifadə edərək torpaqlarımızı bir-birinin ardınca zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət ümumiyyətlə kritik hədd aldı. Nəticədə bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Bundan sonra isə cəmiyyəti ümumi düşmənə qarşı səfərbər etmək əvəzinə bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, repressiyalar həyata keçirmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdilər”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, o hakimiyyətdə təmsil olunanların hər hansı bir idarəçilik bacarığı yox idi: “Torpaqlarımız işğala məruz qaldığı halda, insanlarımız məcburi köçkünə çevrildiyi bir vaxtda Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi yalnız öz yaxın adamlarını vəzifələrə təyin etməklə hakimiyyətlərinin ömrünü uzatmaq haqqında düşünürdülər. Kəlbəcərin işğal altına düşməsi də məhz bu cür yarıtmaz fəaliyyətin nəticəsində mümkün oldu. Həmin hakimiyyətdən başqa nəsə gözləməyə də dəyməzdi. Çünki o hakimiyyətdə təmsil olunanların hər hansı bir idarəçilik bacarığı yox idi. Cənab prezident də haqlı olaraq qeyd edir ki, nə uğursuz kiçik elmi işçidən, nə komsomoldan çıxmış və sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş bir karyeristdən, nə hər hansı bir xarici dildə danışa bilməyən, beynəlxalq münasibətlərin nə olduğunu anlamayan bir adamdan, nə riyaziyyat müəllimi olan və Şuşa əldən gedərsə başıma güllə vuracağam deyən birindən nə də jurnalistlərin həbsinə qərar verən, onları döydürən şəxslərdən ibarət komandadan hər hansı vətənpərvərlik və peşəkarlıq gözləmək mümkün deyildi. Belə bir komandadan təbii ki, hər hansı idarəçik, hər hansı islahat və torpaqlarımızın müdafiəsini gözləmək sadəcə sadəlövlük olardı. Nəticə etibarilə təsadüfi adamların hakimiyyətə gəlməsinin acı nəticələrini hər birimiz yaşadıq. 

Əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını da itirəcək, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi”.