XTQ şəhidi Röyal Mədətovun doğum günü qeyd edildi - VİDEO

XTQ şəhidi Röyal Mədətovun doğum günü qeyd edildi - VİDEO

Mayın 14-də Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Röyal Mədətovun doğum günü qeyd edilib.

“Postmedia.az” xəbər verir ki, şəhidin 30-cu doğum günü münasibəti ilə onun doğulub boya-başa çatdığı Qazax rayonunun Hüseynbəyli kəndində tədbir keçirilib.

Mərasimdə Röyal Mədətovun ailə üzvləri, yaxınları və kənd sakinləri iştirak ediblər.

Tədbirdə şəhidin məzarı ziyarət edilib, üzərinə güllər düzülüb və ruhuna dualar oxunub. 

Qeyd edək ki, Röyal Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunda dünyaya göz açıb. 1998-ci ildə rayonun Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin I sinfinə daxil olub, 2009-cu ildə həmin məktəbin XI sinfini bitirib. 2010-cu ildə Azərbaycanın ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə hərbi xidmətdən sonra Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə çalışmağa başlayıb. Röyal 2016-cı il Aprel döyüşlərində savaşıb və yaralanıb. Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirib.

Röyal Mədətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Cəbrayılın, Hadrutun, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Röyalın vəzifəsi snayper kimi görünmədən görmək, ölmədən öldürməkdən ibarət idi. Bu vəzifəni uğurla icra etdikdən sonra yenə də düşmənə hər vəchlə zərbə vurmağa çalışırdı. Çünki o, xüsusi təyinatlı idi… 

Röyal Mədətov oktyabrın 22-də Xocavənd-Suşa istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn edilib. 

Öz qorxmazlığı, mətinliyi ilə həmişə nümunə olmuş Röyala döyüş yoldaşları "Qara qartal" ləqəbi vermişdilər. Xitməti dövründə bir çox diplom və mükafatlar qazanmışdı.

Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Röyal Mədətov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!