"YAP-ın qurultayında ölkəmizin inkişafı baxımından mühüm vəzifələr qoyuldu"

"YAP-ın qurultayında ölkəmizin inkişafı baxımından mühüm vəzifələr qoyuldu"

“Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafını təmin edəcək olduqca vacib vəzifələr qoydu”. 

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayında səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisə kimi yadda qalacaq: "Qurultayın əlamətdar olmasını şərtləndirən amillər həm edilən dəyişikliklərlə, həm ölkədə formalaşmaqda olan yeni siyasi konfiqurasiya, həm də Azərbaycanın Vətən müharibəsində möhtəşəm qələbəsi ilə şərtlənən yeni reallıqlar dövrünə təsadüf etməsi ilə bağlıdır.
Heç şübhəsiz ki, Qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi təkcə YAP üzvləri üçün deyil, ümumilikdə dövlətin qarşısında duran yeni vəzifələri müəyyənləşdirdi.

YAP-ın keçdiyi yola və tarixinə nəzər yetidikdə görürük ki, ulu öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində bu partiya ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi ki, bu birlik də yeni siyasi qüvvənin YAP-ın yaranmasına gətirib çıxardı. Heç şübhəsiz ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başladı. 1993-cü ilin oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı". 

Politoloq qeyd edib ki, Heydər Əliyevin hakimiyyəti dövründə bir çox olduqca mühüm qərarlar verildi: "Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. 20 Yanvar faciəsinə siyasi qiymət verildi, konstitusiya qəbul edildi, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura ləğv edildi, siyasi islahatlara start verildi və nəticə etibarilə Azərbaycan beynəlxalq təcriddən çıxaraq inkişaf yoluna qədəm qoydu. Bütün bunların nəticəsində Azərbaycan hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı, ölkəmizə böyük investisiyalar cəlb edildi və ordu quruculuğuna start verildi.

Yəqin ki, mənimlə razılaşarsınız ki, Azərbaycanda nizami ordunun formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Odur ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş bir partiyanın Qurultayı həmişə təbii olaraq bütün cəmiyyətin diqqət mərkəzində olub. Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin Qurultaydakı çıxışı isə həm qarşıya qoyulan yeni vəzifələr, həm də verilən mesajlar baxımından olduqca əhəmiyyətli idi". 

Onun sözlərinə görə, Prezident çıxışında davamlı inkişafın təmin edilməsi üçün atılan addımlar və qəbul olunan qərarlar haqqında danışarkən bildirdi ki, Azərbaycanın regional təşəbüslərinin sayı ildən ilə artır. Doğurdan da aparılan uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya bölgəsində yeni əməkdaşlıq formatlarını da yaratdı: "Bu isə ölkəmizin gələcək inkişafının təmin edilməsi, müstəqilliyin qorunması, ölkəmizin qüdrətinin və təsir imkanlarının artması və ən nəhayətdə Azərbaycan xalqının təhlükəsizlik şəraitində yaşaması üçün olduqca vacibdir.

Prezident islahatların davamlı olacağı ilə bağlı da mövqeyini də ortaya qoydu. Doğurdan da son illərdə aparılan islahatlarla Azərbaycan dünyada genişmiqyaslı islahatlar aparan ölkə kimi qəbul olunmağa başlayıb. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların böyük rolu vardır.

Prezident çıxışında həmçinin təbii olaraq Vətən müharibəsində əldə olunan qələbə ilə bağlı da fikirlərini bölüşərək torpaqlarımızın işğaldan azad olunmasını ölkəmizin tarixində yeni inkişaf mərhələsinin başlanğıcı kimi xarakterizə etdi. Əgər xatırlayırsınızsa, dövlət başçısı hələ Prezident seçkilərindən dərhal sonra ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdu və bu gün bu vəzifənin həyata keçirilməsinə nail olundu. Bu bir daha onu göstərir ki, Prezident seçkilərindən sonra dövlət başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir.

Dövlət başçısı qurultaydakı çıxışında həmçinin qarşıda duran vəzifələrlə bağlı da geniş bəhs etdi. Qarşıya qoyulan vəzifələr sırasında məqsədyönlü və prinsipial xarici siyasət kursunun davam etdirilməsi, ölkənin maraqlarının və mənafelərinin qorunması, bütün ölkələrlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi və daha müasir və güclü ordu quruculuğu istiqamətində işlərin davam etdirilməsi ilə yanaşı, həmçinin siyasi dialoqun daha da dərinləşdirilməsi, ümummilli məsələlərin həllində vahid platformanın təmin edilməsi, inhisarçılığa son qoyularaq özəl sahibkarlığın inkişaf etdirilməsi də var idi ki, bu da ölkəmizin gələcək inkişafı baxımından olduqca vacib vəzifələr kimi qəbul olunmalıdır”, - deyə Y. Bağırzadə vurğulayıb.