"Prezidentin Litvaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə öz müsbət təsirini göstərəcək"

"Prezidentin Litvaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə öz müsbət təsirini göstərəcək"

Avropa İttifaqına üzv olan Litva ilə münasibətlərimizin müsbət dinamikası  ölkəmizin Avropa ilə də əməkdaşlıq imkanlarını genişləndirir”.

Bu sözləri Axeber.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri haqqında danışarkən deyib.

O bildirib ki, bu gün Litvanı hər mənada Azərbaycanın strateji tərəfdaşı adlandırmaq olar.

"Şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə isə Azərbaycan və Litva arasındakı münasibətlər qədim tarixi köklərə malikdir. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib. Litva 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və nəhayət ümumilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında olan diplomatik münasibətlər və strateji tərəfdaşlıq daha sürətlə inkişaf etməyə başlayıb. 

Bu gün Litvanı hər mənada Azərbaycanın strateji tərəfdaşı adlandırmaq olar. İki ölkə arasında indiyədək 50-dək sənəd imzalanıb ki, bunların da içərisində 2007-ci ildə Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur. Digər tərəfdən Litvanın Avropa İttifaqına üzv olması həm də ölkəmizin Avropa ilə əməkdaşlıq imkanlarını da genişləndirir.

​Cənab Prezidentin səfərinə gəldikdə qeyd edim ki, bu səfər prezidentin Litvaya sayca 4-cü səfəridir. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və nəhayət biznes forumun təşkil olunması əlaqələrimizin daha da genişlənməsindən xəbər verir."

Politoloq qeyd edib ki, bu gün rəsmi Vilnüs Bakıya mühüm siyasi tərəfdaş və inkişaf edən iqtisadi güc kimi baxır ki, bu da təbiidir. 
 

"Azərbaycanın nəhəng enerji potensialına malik olması bir strateji tərəfdaş kimi Litvanı cəlb edir. Azərbaycan iqtisadiyyatının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif sahələri Litvalı iş adamlarını Azərbaycanla əlaqələrin inkişafında maraqlı edir. 

Prezident İlham Əliyevin də söylədiyi kimi, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar isə bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Litva beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla bir yerdə iştirak edir. Rəsmi Vilnüs Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafını dəstəkləyir. Litva həmçinin Azərbaycanla Ermənistan arasında münaqişənin diplomatik yolla və ədatəli həllinin də tərəfdarı olaraq çıxış edir. Vilnüs qəbul edir ki,Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallıq bölgəni daha geniş miqyasda əməkdaşlıq platformasına çevirib".

Y.Bağırzadə qeyd edib ki, Prezident səfərin yekunlarına dair mətbuata verdiyi bəyanatda da həm Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, həm də digər məsələlərə dair mühüm məqamları qeyd etdi.

“Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək" deyən dövlət başçısı ərazilərimizin bir qisminin 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu bir daha xatırladaraq bir milyon insanımızın işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşməsi, işğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin tamamilə dağıdıqlması ilə bağlı həqiqətləri növbəti dəfə beynəlxalq səviyyədə ictimaiyyətin diqqətinə çatdırdı.

Prezident çıxışında həmçinin ölkəmizin nəqliyyat-kommunikasiya və tranzit imkanlarına da toxunaraq bu imkanların daha da genişləndirilməsi üçün ölkələrimizin payına böyük vəzifələr düşdüyünü qeyd etdi. Prezidentin də qeyd etdiyi kimi dünyada hökm sürən yeni geosiyasi reallıq məhz bunu diktə edir. Azərbaycan və Litva yerləşdiyi coğrafi yerindən səmərəli istifadə edərək beynəlxalq daşınmaların həyata keçirilməsində əsas oyunçulara çevrilmişdir. Bu gün dünyanın yeni geosiyasi düzənində beynəlxalq daşınmaların həyata keçirilməsində potensialına malik olması ölkələrə yeni imkanlar yaradır. Azərbaycan və Litva Xəzər və Baltik dənizləri arasında marşurutlardan səmərəli istifadə etmək planlarını həyata keçirə bilərlər. 

"Səfərin təfərrüatları onu deməyə əsas verir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq edir və bu səfərdən sonra bu əməkdaşlığa daha bir güclü təkan verildi”, deyə politoloq qeyd edib.