“Prezidentin Moskvada səsləndirdiyi fikirlər erməni baş nazirin yalanlarının ifşası baxımından olduqca əhəmiyyətli oldu”

“Prezidentin Moskvada səsləndirdiyi fikirlər erməni baş nazirin yalanlarının ifşası baxımından olduqca əhəmiyyətli oldu”

“Ölkəmizin iqtisadi müstəqilliyi müstəqil xarici-siyasət kursu aparmaq üçün mühüm amildir”.

Bu sözləri Axeber.az-a politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışında səsləndiryi fikirləri şərh edərkən dedi.

O bildirib ki, Cənab Prezident İlham Əliyevin son Moskva səfəri və səfər çərçivəsində ilk dəfə olaraq Avrasiya İqtisadi Şurasının toplantısında qonaq qismində iştirakı bir sıra məqamlarla yadda qaldı. 

“Ölkəmiz hər nə qədər Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da Ermənistanı çıxmaq şərtilə bu birliyin üzvü olan ölkələrlə 30 ildir ki, uğurlu şəkildə əməkdaşlıq edir. Prezidentin toplantıdakı çıxışında səsləndirdiyi rəqəmlər də bunu bariz şəkildə sübut edir. Məlumdur ki, təkcə keçən il ərzində Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi isə daha 38 faiz artıb. 2022-ci il üçün Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Bu onu göstərir ki, ölkəmiz Avrasiya iqtisadi birliyini üzvü olmadan da bu birliyin üzvü olan ölkələrlə güzəştli iqtisadi münasibətləri, ticarət münasibətlərini formalaşdıra bilib”.

Politoloq qeyd edib ki, Prezidentin çıxışında toxunduğu əsas məsələlərdən biri Azərbaycanın nəqliyyat-logistika imkanları ilə bağlı oldu ki, bu da nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin imkanlarını bir daha təqdim etmək baxımından olduqca əhəmiyyətli idi. 

“Ölkəmizin həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi məlumdur. Mövcud nəqliyyat-logistika infrastrukturumuz isə bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Bundan başqa Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına da malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı mövcuddur və bu liman Prezidentin də qeyd etdiyi kimi yaxın vaxtlarda modernləşdirilərək yükaşırmaların həcmini 25 milyon tona çatdırmağa imkan verəcək. Azərbaycanın həyata keçridiyi, strateji əhəmiyyət daşıyan loqistik layihələr isə imkanlarımızı daha da artırır.  Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Bununla yanaşı Azərbaycan həm də “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır.

Bununla yanaşı ölkəmiz həm də hava daşımasında xüsusi imkanlara malik ölkəyə çevrilib”.

Y.Bağırzadə xatırladıb ki, Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. 

“Doqquzuncu beynəlxalq aeroport isə azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Bütün bunların sayəsində ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malik ölkəyə çevrilib.

Ölkəmiz nəqliyyat-loqistika imkanlarını daha da gücləndirəcək növbəti fəaliyyət isə şübhəsiz ki, bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat dəhlizi olan Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məqam toplantıda cənab İlham Əliyev tərəfindən xüsusi olaraq vurğulandı və qeyd olundu ki, Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir.

Ermənistan baş naziri cənab Prezidentin “Zəngəzur dəhlizi” ifadəsinə hər nə qədər etiraz etmək istəsə də ölkə başçısı həmişə olduğu kimi Paşinyana diplomatiya dərsi keçərək onun iddalarının yersiz olduğunu sübut etdi. Prezidentin də qeyd etdiyi kimi “Dəhliz” sözü heç də Paşinyanın qeyd etdiyi kimi kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar bunun nə demək olduğunu kifayət qədər yaxşı başa düşürlər.

Prezident çıxışında həmçinin Paşinyanın Laçın yolunun bağlanması ilə bağlı dediklərinə də münasibət bildirərək Azərbaycan heç bir dəhlizi bloklamadığını qeyd etdi və bildirdi ki, Laçın-Xankəndi yolu açıqdır, Ermənistan və Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin qoyulması isə bütün beynəlxalq normalara uyğundur”.

Politoloq qeyd edib ki, Prezidentin çıxışında vacib məqamlardan biri də ölkəmizin iqtisadi imkanları ilə bağlı oldu.
“Azərbaycanın tam iqtisadi müstəqilliyə nail olduğunu deyən ölkə başçısı bunun müstəqil xarici siyasət kursunu aparmaq imkanları baxımından mühüm amil kimi qiymətləndirdi. Əslində bu mesaj iqtisadiyyatı böyük ölçüdə Rusiyadan və digər ölkələrdən asılı olan Ermənistana və ölkəmizin apardığı müstəqil xarici siyasət kursuna qısqanclıqla yanaşan digər dövlətlərə ünvanlanmışdı. Həqiqətən də aparılan uğurlu iqtisadi islahatların nəticəsi olaraq bu gün ölkəmiz özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Üstəgəl Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır.

Ümumi olaraq qeyd edim ki, Prezidentin Avrasiya İqtisadi Şurasının iclasında iştirakı və çıxışında səsləndirdiyi fikirlər ölkəmizin iqtisadi imkanlarının nümayişi və eləcə də erməni baş nazirin yalanlarının ifşası baxımından olduqca əhəmiyyətli oldu”.