Yusif Bağırzadə: "İndi belə bir memarandumun imzalanması tarixi hadisədir"

Yusif Bağırzadə: "İndi belə bir memarandumun imzalanması tarixi hadisədir"

“Dostluq” yatağı ilə bağlı imzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. 

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Azərbaycanla Türkmənistan  arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu ilə bağlı sazişi şərh edərkən deyib.

O bildirib ki, memorandum sazişi ilk baxışdan adi bir sənəd kimi görünsə də, əslində özündə çox mühüm strateji hədəfləri ehtiva edir: "Məlumdur ki, həmin yataq hələ 1989-cu ildə aşkar edilmiş və “Kəpəz” adlandırılmışdır. Ancaq 1991-ci ildə SSRİ dağıldıqdan sonra Türkmənistan bu yatağın Xəzərin ona aid olan hissəsində olduğunu bildirdi və həmin yatağa “Sərdar” adını verdi. Bu isə öz növbəsində təbii olaraq iki dövlət arasında mübahisəyə səbəb oldu və nəticədə 30 ildən artıq dövr ərzində özündə kifayət qədər karbohidrogen ehtiyatlarını birləşdirən yatağın istismarı həyata keçirilə bilmirdi". 
 
Politoloq qeyd edib ki, ​bunun bir sıra səbəbləri var idi: "Ən vacib səbəb isə Xəzərin hüququ statusu ilə bağlı idi. Uzun illər aparılan işin nəticəsi olaraq Xəzərin statusu ilə müəyyən sənədlər imzalandı, Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzərin statusu müəyyənləşdi, amma buna baxmayaraq Azərbaycanla Türkmənistan sərhəddi müəyyələşdirə bilmirdi. Azərbaycan və Türkmənistan nəhayət ki, bu problemi həll edərək tarixi anlaşma əldə etdi, odur ki, indi belə bir memarandumun imzalanması tarixi hadisədir. Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar artıq arxada qaldı. İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir". 

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq: "Bundan sonra “Dostluq” yatağı birgə işlənəcək və onun ehtiyatları Azərbaycanın infrastrukturu vasitəsilə dünya bazarına çıxarılacaq. Bunun nəticəsində ehtiyatlar real kapitala çevriləcək və hər iki ölkə gəlirləri bölüşəcək ki, bundan da həm Azərbaycan, həm də Türkmənistan faydalanacaq. İkincisi, bu yataqdan əldə edilən neft və qaz Azərbaycan üzərindən Türkiyə və Avropa ölkələrinə nəql ediləcək. Üçüncüsü, yataqla bağlı razılaşmadan sonra Bakı və Aşqabad Xəzər dənizində sərhədlərini də müəyyənləşdirə bilərlər. Bundan sonra iki ölkə arasında hər hansı bir mübahisə predmeti qalmayacaq". 
 
Politoloq vurğulayıb ki, sərhədlə bağlı sənəd imzalanandan sonra Azərbaycanla Türkmənistan Xəzərin dibi ilə boru xəttinin tikintisi danışıqlarına da başlaya bilərlər: "Bu baxımdan memorandum həm də perspektivə hesablanmış əməkdaşlıqdır. Xalqlarının gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin hələ illər, onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir. Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-nı təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı, Azərbaycanın vasitəsilə isə indi əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Bu, hamının xeyrinədir. Azərbaycan, Türkiyə və Avropa İttifaqı Türkmənistan qazının TAP və TANAP boru xətləri ilə daşınmasını istəyirlər. Bu həmin boru xətlərinin daşınma həcmini artıracaq. Bundan sonra TAP və TANAP Rusiyanın “Şimal axını” və “Türk axını” boru xətləri ilə rəqabət apara biləcək.
Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlib".

Yusif Bağırzadə Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanmasını Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması kimi qiymətləndirib: "Hasil olunacaq qazın Azərbaycana və TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaq”.