Yusif Bağırzadə: "İşğaldan azad olunmuş Laçında yeni inkişaf dövrü başlayıb"

Yusif Bağırzadə: "İşğaldan azad olunmuş Laçında yeni inkişaf dövrü başlayıb"

“Laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonundan etibarən qayıda biləcəklər”.

Bu sözləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Laçın rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.

O bildirib ki, Laçın rayonunun işğaldan azad olunması tarixi bir hadisədir: "28 il işğal altında qalan Laçın 2020-ci il dekabrın 1-də işğaldan azad olunaraq Azərbaycanın yurisdiksiyasına qaytarıldı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı. 44 günlük müharibə nəticəsində əldə olunan qələbə heç şübhəsiz ki, tarixi qələbədir. Azərbaycan əsgərinin, ordumuzun misilsiz qəhrəmanlığının nəticəsidir. Azərbaycan tərəfinə uzun illər ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan dövlətimizin iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu və  bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı. Nəticə etibarilə Azərbaycan  bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratdı".

Politoloq xatırladıb ki, Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra - mayın 18-də işğal edilmişdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı: "BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində - 822, 853, 874 və 884 saylı qətnamələrdə bilavasitə Laçının  adı çəkilməsə də, sənədlərdə yer alan "erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından", "digər rayonlardan geri çəkilməsi" tələbi birbaşa Laçına da aid idi. Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Laçın Azərbaycanın istər ictimai-siyasi, istərsə də mədəni həyatına çoxlu sayda tarixi şəxsiyyətlər bəxş etmiş bir diyardır. XVIII əsrdə Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy, XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq, Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov, Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan pedaqoji məktəbin ilk təşkilatçı və müdiri Müseyib İlyasov, Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri olmuş Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov və başqaları".

Y.Bağırzadə qeyd edib ki, hazırda işğaldan azad olunmuş Laçında yeni inkişaf dövrü başlayıb: "Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Rayonun yol-nəqliyyat infrastrukturu ilə bağlı xeyli işlər görülüb.. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu, 9450 metr uzunluğunda tunellərin tikilməsi, körpülər, 2025-ci ildə təhvil verilməsi planlaşdırılan Laçın Beynəlxalq Hava Limanı və s. bu kimi işlər təkcə Laçının deyil, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Tam əminliklə söyləmək olar ki, “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu da daxil olmaqla bütün digər rayonlarımız da qısa vaxt ərzində bərpa olunacaq və insanlarımız öz doğma yurd-yuvalarında yaşayıb yaratmağın sevincini yaşayacaqlar. Onu da vurğulayım ki, Laçınlıların birinci qrupu öz doğma şəhərinə atrıq gələn ilin sonuna qədər qayıda biləcəklər”.