Rövzət Qasımov: “Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olacaq”

Rövzət Qasımov: “Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olacaq”

"Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olacaq”.

Axeber.az-ın məlumatına görə, bu barədə Xəbər15-ə eksklüziv açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbinə əsasən seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olur və bülletenlər də bu qayda əsas götürülməklə hazırda çap olunur: “Çap prosesi intensiv şəkildə davam edir”.

Qeyd edək ki, fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5-i siyasi partiyalar tərəfindən irəli sürülənlərdir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.