"Güvən və beynəlxalq normalara cavab vermək şirkətimizin əsas prioritetlərindəndir" - "Management Consulting Group" şirkətinin idarəedici təsisçisi

"Güvən və beynəlxalq normalara cavab vermək şirkətimizin əsas prioritetlərindəndir" - "Management Consulting Group" şirkətinin idarəedici təsisçisi

"Management Consulting Group" şirkətinin idarəedici təsisçisi Samir Novruzovun müsahibəsini təqdim edirik:

Qeyd edək ki, Samir Novruzov şirkət və qurumların fəaliyyətlərinin qurulması, biznes proseslərinin optimallaşdırılması, analizi və inkişafı ilə bağlı məsləhət xidmətləri göstərir.  O, Birləşmiş Krallıq İdarəçilər İnstitunun fəxri üzvü, Birləşmiş Krallığın Kardiff Universitenin MBA (Biznesin İdarəolunması üzrə Master), ABŞ-nin Merilənd Universitetinin "Master of Public Management" (Dövlət Sektorunun İdarəolunması üzrə Master) dərəcələrinə müvəffəq olub.

- Samir bəy, xoş gəlmişsiniz.

- Xoş gördük.

- Bu şirkəti təsis etməkdə məqsədiniz və hədəfiniz nə olub?

- Çox illik iş təcrübəm və aldığım beynəlxalq dərəcəli təhsil, yerli bazarı yaxşı tanımağım, eyni zamanda bu sahədə gördüyüm boşluqlar, belə bir yerli şirkətin yaranmasını labüd edirdi. Yaratdığım şirkət beynəlxalq normalara cavab verməli idi, çünki ilk məqsəd daha çox xarici investor və sahibkarların  ölkə iqtisadiyyatına daxil olması idi. Güvən və beynəlxalq normalara cavab vermək şirkətimizin əsas prioritetləri olmuşdur.

 - Sirr deyilsə, hansı sahələrdə yatırımlardan və hansı ölkələrdən işbirliyindən söhbət gedir?

- Birləşmiş Krallıq, Türkiyə, Səudiyyə Ərəbistanından nümayəndələrinin təhsil, turizm, logistika, mühəndislik və infrastruktur, innovasiyalar və dayanıqlı enerjiyə keçid istiqamətlərində yatırım və əməkdaşlıq təklifləri üzərində uğurlu çalışmalarımız olub.

- Nəyə görə Azərbaycan bazarı maraqlı olub?

- Yatırımcılar və iş adamları üçün  bir neçə məqamlar hər zaman maraqlı olub. Azərbaycanın geolokasiyası, quru və su sərhədləri boyunca qonşu ölkələrə çıxışının olması, uzunmüddətli məqsəddə qonşu bazarlara da daxil olmaq imkanlarını labüd edir. Həmçinin, gedən geosiyasi proseslərin fonunda Azərbaycanın balanslaşdırılmış siyasi və ticari əməkdaşlıq rol modeli göstərməsi, post müharibə dövründə sülhə doğru uğurlu təşəbbüslərdə bulunması, əsaslı əməkdaşlıqlar üçün zəmin yaradır. Amma əsaslı, davamlı əməkdaşlıq və sərmaye yatırımları üçün bir çox sahələrdə təmirə ehtiyac var. Hal-hazırdakı qlobal dünyada, informasiyanın açıq olduğu mühitdə nəyisə gizlətmək mümkünsüzdür. Bütün faktorlar üzrə araşdırmalar aparılır, rəqəmlər ortaya qoyulur. Heç kim bir mənbədən olan məlumata əsaslanıb biznesyönümlü addımlar atmır. İnvestor və iş adamlarına müstəqil fəaliyyətlərinin, sərmaye və kapitallarının güvəndə olması hiss edilməlidir.

Formula 1, UEFA 2020 və s. yarışların keçirilməsi, Azərbaycanın COP-29-a ev sahibliyi etməsinin müsbət tərəfləri vardır. Lakin, sual yaranır ki bu cür strateji addımların mövcudluğu bizə hansı dividentlər vəd verir və ən əsası bu tədbirlər Birbaşa Xarici Sərmayenin yatırılmasına, ölkənin idxal və ixrac balansına və sərmaye kapitalının güvən və etibarlılığı baxımından nə cür təsir edir.  

 - Ümumiyyətlə, fəaliyyətiniz, Menecment Konsaltinq barədə, Birləşmiş Krallıqda dərc etdiyiniz məqalə barədə məlumat versəniz oxucularımız üçün maraqlı olar.

 - Menecment Konsaltinq – Müxtəlif idarəetmə subyektlərinin, qurum və təşkilatların idarəolunması, onların inkişafına yönəlik peşəkar məsləhət və idarəçilik xidmətlərinin göstərilməsi, yeni bilik və təcrübələrin tətbiqi üzrə ixtisaslaşdırılmış sahədir. Məqalədə bu sahənin tarixi əsasları, müsbət təsirlər, yayınma və mənfi təsirləri barədə məlumat verilib. Müqayisəli şəkildə Menecment Konsaltinqin inkişaf etmiş iqtisadiyyatlara və üçüncü dünya ölkələrində müxtəlif qurumlara, sahibkarlıq subyektlərinə təsirləri barədə araşdırmaların nəticələrinə istinad olunub.

 - Məqalənizdə Azərbaycan iqtisadiyyatı ilə bağlı hansı məqamlar yer alıb?

- Azərbaycan istisadiyyatında bu sahənin mövcud səviyyəsi, təsir diapazonu, ümumişləkliyi barədə aydınlıq gətirilib. Konsaltinqin iqtisadiyyatımızda faydalı təsir elementinə çevrilə bilməsi, idarəçilik, bilik və təcrübələrinin əlçatan olması daxil bazarın dinamikasına inanılmaz, çox müsbət təsir göstərə bilər. Lakin, bunun mümkünlüyü üçün bir neçə mühüm amillərin mövcudluğu labüddür. Bu elementlər irəli sürdüyüm “ 5 needs equilibrium” – yəni “beş ehtiyac tarazlığı” adlı örnəkdə öz əksini tapıb. İdarəçilik konsaltinqinin daxili bazara müsbət təsir edə bilməyinin mümkünlüyü üçün konsaltinq xidmətləri ilə birgə, şəffaf iqtisadiyyatın, bütün iştirakçılara bərabər imkanların yaradılması, rəqabətli daxili bazar, kiçik və orta sahibkarlığın iqtisadiyyatda əsaslı payının olması mövcud olmalıdır. Bu barədə ətraflı şəkildə məqaləmi oxumaq olar (link: https://sciendo.com/article/10.2478/mcj-2022-0003).

Hazırkı dünya qloballaşmasının fonunda, iqtisadiyyatlar bir-birləri ilə münasibətdə iç-içədir, sürətli inkişaf dinamikasının fonunda yeni biliklərin və təcrübələrin tətbiqi çox mühümdür. Bizneslərin və qurumların bu yeni bilik və təcrübələrin tətbiq etməsi üçün mütləq ya bizneslərin inkişafı üzrə konsaltinqlərin sayı çox olmalıdır. Adətən böyük şirkətlərdə, konsultantlardan ibarət bölmələr olur. Lakin daxili konsultantlar layihənin və iş yükünün miqyası, tələb olunan bilik və təcrübələri nəzərə alaraq, effektivliyin və səmərəliliyin əldə olunması üçün özləri də müstəqil konsaltinq şirkətlərinə müraciət edirlər.

- Bu sahə ilə tanışlığı olmayanlara Menecment Konsaltinqi necə izah edərsiniz?

- Dünya qloballaşdıqca tələbat və sərfiyyatın çoxalması insanları yeni biznes modellərini yaratmağa sövq edir. Yaxın 100 il bundan öncə dünyada indiki qədər biznes modelləri olmayıb. Hal-hazırda hansısa biznesi qurmaq, müasir dövrün tələblərinə uyğun ayaqda saxlamaq və inkişaf etdirmək üçün sözsüz peşəkar mütəxəssislərin rəyi və məsləhəti qaçılmazdır. Misal üçün, hər hansı bir məhsul istehsal edən şirkət, daim istehsalatında səmərəliliyin, effektivliyin artırılmasına nail olmaq istəyir. Bunu etməsə hal-hazırdaki, rəqabətliliyə tab gətirə bilməyəcək və nəticə olaraq bir müddət sonra bazardan özü-özlüyündə kənarlaşmalı olacaq, çünki istehsalatı və istehsal etdiyi məhsul rentabelli olmayacaq. Bunun üçün nə etməlidir? Davamlı olaraq istehsalatındakı olan ana proseslərin təkmilləşdirilməsi, iş mühitinin yaxşılaşdırılması və həmçinin sosial məsuliyyətinin artırılmasına nail olmalıdır. Bu bilik mübadiləsinə nail olmaq üçün də menecment konsultantlara müraciət edilməlidir. Həmişə demişəm ki, şirkətləri, qurumları bir canlı orqanizm kimi görmək lazımdır. Menecment Konsaltinq bu orqanizmlərin sağlam inkişafını ölçən, inkişafı üçün lazımi müalicəni təklif və tətbiq edən və müalicədən sonra sağlam müsbət dinamikasını izləyən səhiyyə ocağı, konsultantlar isə həkimlərdir.

- Bizə vaxt ayırdığınıza görə çox sağ olun.

- Sağ olun. Buyurun.