"Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rol oynayıb"

"Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rol oynayıb"

28 may 1918-ci il tarixində xalqımız çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Şərqdə və müsəlman aləmində ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu.

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. Cümhuriyyət tərəfindən dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. Milli dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli addımlar atıldı. 9 noyabr 1918-ci ildə Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Azərbaycan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verildi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul edildi. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olundu. 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi.

Təəsüflər olsun ki Azərbaycanın müstəqilliyinin Paris Sülh Konfransında de-fakto tanınmasına baxmayaraq 28 aprel 1920-ci ildə suveren Azərbaycan Respublikasının ərazisi işğal edildi.

70 illik işğaldan sonra 17 noyabr 1990-cı ildə ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağımız Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıldı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bununla da “bir kərə yüksələn bayraq bir daha enməz” şüarı bir daha təsdiq edilərək Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.

Ardınca 30 avqust 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edildi.

Nəhayət 18 oktyabr 1991-ci ildə Ali Sovetin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilərək müstəqilliyiniz yenidən bərpa edildi.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.

Azərbaycan Xalq Cumhuriyyəti nümunəsi də göstərdi ki müstəqilliyi əldə etməkdən daha çətin olanı onu qoruyub saxlaya bilməkdir. Ulu öndərin dediyi kimi, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifədir”

Ulu Öndər Heydər Əliyevin məsuliyyəti, siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş suveren Azərbaycanda dalğalanmas Prezident İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”

Müstəqilliyin mübarək olsun, əbədi olsun, AZƏRBAYCAN!

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü