"Şuşaya ilk qayıdışın Ulu Öndər Heydər Əliyevin doğum günündə baş tutması çox anlamlı və simvolikdir"

"Şuşaya ilk qayıdışın Ulu Öndər Heydər Əliyevin doğum günündə baş tutması çox anlamlı və simvolikdir"

Məlum olduğu kimi ötən əsrin 90-cı illərində ermənilər uydurduqları “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair yenidən ərazi iddiaları irəli sürdülər. Həmin dövürdə SSRİ rəhbərliyinin ermənilərə himayədarlığı sayəsində Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək, açıq təcavüzə başlamışdı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlılar yaşayan məntəqələri də işğal etdi.

1992-ci il mayın 8-də isə Azərbaycanın incisi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün yuxarı Qarabağ ərazisi zəbt olundu. Nəticədə, 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. İşğal nəticəsində Şuşa rayonunun 34 min 300 nəfər sakini məcburi köçkün həyatı yaşamışdır.

Şuşanın işğalı bütün Azərbaycan xalqını dərindən sarsıtmışdır. Çünki bilirdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur.

Ermənistanın hərbi təcavüzü, eyni zamanda Azərbaycanda yaranmış vətəndaş müharibəsi təhlükəsi, hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic olması ölkəni faktiki “olum, ya ölüm” seçimi qarşısında qoymuşdu. Məhz bu kritik anda Azərbaycan xalqı böyüklük göstərərək, öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevdə görüb və ölkənin gələcək taleyini ona etibar etdi. Çünki Azərbaycan xalqı bilirdi ki, o bəladan onu ancaq Heydər Əliyev qurtara bilər.

Heydər Əliyevin qəlbində Şuşanın xüsusi yeri var idi. Ulu Öndər üçün Şuşa təkcə yaşayış məkanı deyildi, O, Şuşanı azərbaycanlıların milli rəmzi, mədəniyyətimizin, tariximizin simvolu hesab edirdi.

Çıxışlarının birində bildirmişdir ki: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir”. Buna görə də Şuşanın azadlığı Ulu Öndərin hər zaman arzularının əsasını təşkil edirdi.

Ulu Öndərin arzuları Prezident İlham Əliyev tərəfindən vətən müharibəsi zamanı həyata keçirilmiş oldu. 27 sentyabr 2020-ci il də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatları ilə başlayan, 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin Vətən müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi.

Ali Baş Komandanın 08 noyabr 2020-ci il tarixində Şuşa azad edilərkən söylədiyi “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır!

Biz Şuşaya “qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” - fikirləri Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaqdır.

Şuşa şəhəri azad edildikdən sonra Şuşada genişmiqyaslı quruculuq işləri başalamışdır. Şuşanın əsl tarixi siması və qədim mədəni abidələri bərpa edilir. Vaqifin məqbərəsi yenidən quruldu, onun əzəli görkəmi qaytarıldı. Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Mamayı məscidinin bərpadan sonra açılışı oldu. Çöl Qala məscidində bərpa işləri başlanılıb. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edilib. Artıq dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyük beşulduzlu Şuşa mehmanxanası bu gün Şuşanın müasir görkəmini əks etdirir. Şirinsu hamamı əsaslı təmirdən sonra açılmışdır. Aşağı Gövhər Ağa məscidində təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Üzeyir Hacıbəylinin vəhşi düşmən tərəfindən dağıdılmış abidəsi yenidən öz yerinə qoyuldu. Üzeyir Hacıbəylinin ermənilər tərəfindən dağıdılmış evi yenidən qurulur.

Şuşada böyük infrastruktur layihələri reallaşdırılır, Şuşanın dirçəldilməsi geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulmaqdadır.

Azad olunduqdan sonra dövlətimizin qüdrəti ilə gündən-günə gözəlləşən, abadlaşan, dirçəldilən Şuşa şəhəri, nəhayət ki öz doğma sakinlərininin ilk heyətini qoynuna aldı! 10 may 2024-cü ildə tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə ilk köç edən ailələrlə görüşləri həyata keçirildi.

Görüş zamanı Prezident bildirdi: “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək, torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər Şuşanı özlərinin şəhəri hesab etsəydilər, onlar bu doğma şəhəri qurub-yaradardılar, dağıtmazdılar. İşğal etdikləri vaxtdan bir daşı daş üstə qoymayıblar. Biz bu gün gəlmişik Şuşada əbədi yaşamağa və bundan sonra da Azərbaycan Bayrağı bu torpaqlarda əbədi olaraq dalğalanacaq.

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü