105 illik Azərbaycan ədliyyəsinin notariat sahəsindəki nailiyyətləri - Aygün Hacıyeva yazır...

105 illik Azərbaycan ədliyyəsinin notariat sahəsindəki nailiyyətləri - Aygün Hacıyeva yazır...

22 noyabr tarixdə Azərbaycan Ədliyyəsi özünün 105 yaşını qeyd edir. Respublikamızda Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin təsis edildiyi gün 28 may 1918-ci ildə yaradılmış, 1918-ci il noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq, 11 noyabr 2000-ci il tarixdə imzaladığı Sərəncamla Ədliyyə Nazirliyinin ilk əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Sevindirici haldır ki, bu tarix çox əlamətdar bir ilə təsadüf edir. Müasir Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bu ildə Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilmişdir.

Düşmən tapdağından azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işləri isə “Böyük qayıdış” Dövlət proqramı çərçivəsində vətəndaşlarımızın doğma yurd-yuvalarına dönməsini mümkün etmişdir.

Bu gün müstəqil Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül ölkələrdən biri olmaqla, regional və dünya əhəmiyyətli iri iqtisadi layihələri uğurla gerçəkləşdirən, vətəndaş cəmiyyəti quruculuğu yolunda inamla addımlayan, bütün sahələrdə bir-birinin ardınca əldə etdiyi mühüm nailiyyətlərlə öz gələcəyinin etibarlı təməlini qoyan bir ölkədir.

Müstəqil Azərbaycanın sürətli inkişafının əsası Ümummilli Lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti ilə qoyulmuş, bu kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmiş və bu gün ölkəmiz suveren, hüquqi və demokratik dövlət yolu ilə inamla irəliləyir.

Respublikamızda digər sahələrdə olduğu kimi, son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, qabaqcıl elektron xidmətlərin və innovasiyaların geniş tətbiqi, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür.

Bu islahatlar sırasında vətəndaşlarımıza göstərilən notariat xidmətləri sahəsində görülmüş işlərin xüsusi çəkisi vardır.

İqtisadi artım mülki münasibətlərin dairəsini genişləndirərək, mülki dövriyyə iştirakçılarının bağladıqları əqdlərin sayını da xeyli artırmışdır. Şübhəsiz ki, baş verən bu dəyişikliklər mülki dövriyyənin sabitliyinin qorunmasında mühüm rolu olan notariat fəaliyyətinin mütəmadi olaraq təkmilləşdirilməklə, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə bu sahədə göstərilən xidmətlərin keyfiyyətinin və çeviklyinin təmin edilməsini zərurətə çevirmişdir.

Notariat xidmətləri ilə bağlı qeyd edilən məqsədlərə çatılması üçün isə hazırda qanunvericilik bazasının təkmilləşdirilməsi, elektron notariat sisteminin və elektron xidmətlərin genişləndirilməsi, həmçinin innovasiyaların tətbiqi və notariusların peşəkarlıq səviyyəsinin artırılması təmin edilir.

Son dövrdə qanunvericilikdə edilən əsaslı dəyişikliklərə misal olaraq, daşınmaz əmlaka sərəncam verilməsi, həmçinin ipotekaya qoyulması barədə müqavilələrdə ərazi aidiyyətinin aradan qaldırılması, elektron notariat sisteminin digər reyestr və informasiya bazalarına inteqrasiya olunaraq, lazımi məlumatların onlayn qaydada alınması və ötürülməsi, icra qeydlərinin icrasının elektronlaşdırılması, ipotekada olan əmlakın birbaşa satış üsulunun müəyyən edilməsi, mobil notariat tətbiqlərinin vətəndaşların istifadəsinə verilməsi kimi əhəmiyyətli dəyişiklikləri göstərmək olar.

Qeyd etmək lazımdır ki, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa və “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a edilən geniş dəyişikliklər həm notariatın qanunvericilik bazasının, həm də elektron notariat xidmətlərinin təkmilləşdirilməsində yeni bir mərhələ olmuşdur.

Müasir dövrdə rəqəmsal inkişaf bütün cəmiyyətlərin hərəkətverici bir qüvvəsinə çevrilmişdir və həyatın bütün sahələri rəqəmsallaşmanı dövrün tələblərinə və inkişaf perspektivlərinə uyğun olaraq tətbiq etməkdədirlər. Respublikamızın notariatı bu tarixi çağırışı zamanında dəyərləndirərək, 2007-ci ildən etibarən “Elektron notariat” sahəsində çalışmaları ardıcıl olaraq həyata keçirməkdədir.

Hazırda “Elektron Notariat” avtomatlaşdırılmış sistemi aşağıdakı imkanlara malikdir: notariat hərəkətlərinin reyestrinin elektron formada aparılması və sənədlərə avtomatlaşdırılmış qaydada vahid reyestr nömrəsinin verilməsi; sənədlərin həqiqiliyinin real vaxt rejimində yoxlanılması və sənədlər haqqında məlumatların elektron formada alınması; notariat hərəkətlərinin layihələrinin yaradılması; "QR" və ya barkoddan istifadə edərək sənədlərin həqiqiliyinin yoxlanılması; daşınmaz əmlakın özgəninkiləşdirilməsində verginin avtomatlaşdırılmış hesablanması; icra qeydləri aparmaq üçün zəruri olan məlumatların avtomatlaşdırılmış qəbulu, habelə icra qeydlərinin məhkəmə qərarlarının icrası orqanlarına verilməsi; notariat sənədlərinin məlumat bazasında ətraflı axtarışı; notariat sənədlərinin arxiv elektron nüsxələrinin bazasının yaradılması; statistik hesabatların hazırlanması və avtomatlaşdırılmış qaydada müvafiq orqanlara göndərilməsi; notariat hərəkətləri barədə məlumatların avtomatlaşdırılmış qaydada səlahiyyətli orqanlara ötürülməsi; notariusların fərdi elektron kabinetlərinin yaradılması; digər informasiya sistemləri ilə məlumat mübadiləsinin həyata keçirilməsi; inzibatçı və istifadəçilər arasında məlumat və sənəd dövriyyəsinin həyata keçirilməsi; video əlaqə vasitəsi ilə notariat hərəkətlərinin uzaqdan həyata keçirilməsi.

Göründüyü kimi, respublikada fəaliyyət göstərən bütün notariusları vahid şəbəkədə birləşdirən və digər bir çox qurumların elektron sistemləri və reyestrləri ilə inteqrasiya olunmuş “Elektron notariat” sistemi vaxt itkisinin qarşısını almaqla, vətəndaşlara göstərilən xidmətlərin çevikliyini təmin edir.

Notariatın son dövrdə tətbiq etdiyi yeniliklər sırasında “Mobil Notariat” tətbiqini xüsusilə qeyd etmək lazımdır. Bu tətbiq ən yaxın notariat ofisini, ofisin iş saatları və əlaqə məlumatlarını xəritədə tapmağa imkan verir. Qeydiyyatdan keçərkən, tətbiq istifadəçinin bütün notarial sənədlərinə, istifadəçinin nə vaxtsa həyata keçirdiyi notariat hərəkətlərinin iştirakçılarına dair məlumatları əldə etməyə imkan verir, sənədin statusunun dəyişdirildiyi (yəni qüvvədə olub-olmaması) barədə xəbərdar edir və sənədin elektron versiyasından istifadə edilməsini təmin edir. Burada həmçinin, ödənişlərin məbləği, lazımi sənədlər və notariat hərəkətlərinə dair ödənişlərlə bağlı notariat əməliyyatlarında iştirak edən şəxslər haqqında ətraflı məlumat da verilir. Bundan əlavə, mobil tətbiq notariat ofislərini 360 dərəcə virtual görüntüləməyə imkan verir. Bu gün “Mobil Notariat” tətbiqinin 700.000-dən artıq istifadəçisi vardır.

Ən son yeniliklər sırasına Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) elektron xidmətini göstərmək olar. “ƏN TEZ” xidməti vətəndaşlara ədliyyə və məhkəmə orqanlarına videozəng vasitəsi ilə operatora müraciət etməklə lazımi xidmətlərdən ən sürətli şəkildə faydalanmaq imkanı verir. Ölkədə inklüziv cəmiyyətin inkişafı prioritetinə əsaslanaraq “ƏN TEZ” xidmətinin əhalinin daha həssas təbəqələrinə təqdim edilməsi məqsədilə ilk məkan kimi DOST mərkəzləri seçilib.

“ƏN TEZ” vasitəsilə vətəndaşlar notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ailə məsələləri üzrə məhkəməyə müraciət, habelə tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası xidmətlərindən bəhrələnə biləcəklər. Smart konsepsiya əsasında fəaliyyət göstərən “ƏN TEZ” xidmət sistemi biometrik eyniləşdirmə imkanına malik olduğundan müraciət edən şəxsin hər hansı bir portalda qeydiyyatı və ya elektron imza sahibi olması tələb edilməyəcək.

Yeni xidmətin ölkəmizin bölgələrində yaşayan, o cümlədən azad edilmiş doğma torpaqlara qayıdan sakinlərin ədliyyə xidmətlərinə əlçatanlığının artırılması üçün də əlverişli və rahat imkanlar yaratmışdır.

Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mütəmadi işlər həyata keçirilməklə, xidmətin təkmilləşdirilməsində nümunə kimi “ASAN xidmət” standartları tətbiq olunmaqdadır.

Bu tədbirlər çərçivəsində, notariat orqanlarına gəlmək iqtidarında olmayan vətəndaşlarımıza notariat xidmətlərinin əlçatanlığının təmin edilməsi məqsədi ilə notariuslar vətəndaşların ünvanlarında zəruri notariat hərəkətlərinin həyata keçirilməsinə imkan verən lazımi texniki avadanlıqlardan ibarət “Mobil çanta” ilə təchiz olunmuşlar.

"Elektron notariat" informasiya sisteminin potensialının artırılması və digər təşkilatların informasiya ehtiyatları ilə inteqrasiyanın genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Hal-hazırda informasiya sisteminin yeni mükəmməl bir versiyasının yaradılması üzərində iş aparılır. Bu sistem sayəsində notariat hərəkətlərinin video əlaqə vasitəsilə rəsmiləşdirilməsi, elektron sənədlər əsasında əməliyyatlar aparmaq, vətəndaşların barmaq izi identifikasiyası, eləcə də bir çox əlavə funksiyaların tətbiqi mümkün olacaqdır.

Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan, dövlət rüsumu və haqlar ödənildikdən sonra “Notariat haqqında” qanun ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla biləcəkdir.

Notariat fəaliyyətində peşəkarlıq səviyyəsinin artırılması və vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi istiqaməti üzrə də xeyli işlər görülmüşüdür.

İlk növbədə, mütərəqqi və şəffaf seçim proseduru əsasında yeni notariuslar korpusunun formalaşdırılması, ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutunun yaradılması qeyd edilməlidir. Artıq ölkədə notariat korpusunun əksər hissəsini xüsusi notariuslar təşkil edir.

Xüsusi notariat institutunun inkişafı, notariat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, notariat fəaliyyəti üçün zəruri olan kadrların tədris işinin təşkil edilməsi, həmçinin notariat sahəsində beynəlxalq əməkdaşlığın aparılmasında notariusların peşə birliyi şəklində birləşdirən Notariat Palatasının xüsusi rolu qeyd edilməlidir.

Notariat fəaliyyəti üzrə beynəlxalq əməkdaşlıq sahəsində də davamlı işlər aparılır. Cari ilin oktyabr ayının 5-də Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dünyası Notariuslar Birliyinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanmasını qeyd etmək olar. Adı çəkilən sənəd Türkdilli dövlətlərin notariusları arasında notariat əməliyyatlarınını həyata keçirilməsi zamanı zəruri məlumat mübadiləsinin həyata keçirilməsinə imkan verəcəkdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ölkənin hüquq sistemindəki rolu, ondan bu sahədə islahatların aparıcı qüvvəsi olmasını tələb edir və fəxrlə qeyd edilməlidir ki, nazirliyin çoxşaxəli istiqamətlər üzrə bügünki fəaliyyəti zamanın yeni çağırışlarına və cəmiyyətimizin tələblərinə cavab verir və vətəndaş məmnunluğuna öz töhfəsini verir.

Fürsətdən istifadə edərək, Respublikamızın bütün ədliyyə işçilərini qarşıdan gələn 22 noyabr – “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə təbrik edirəm.

Aygün Hacıyeva

Hüquq üzrə fəlsəfə doktoru, 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notarisu