Baydenin prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - ŞƏRH

Baydenin prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - ŞƏRH

"ABŞ Qarabağ məsələsində Minsk Qrupunun həmsədri kimi özünün prosesdən kənarda qalmasını istəmir və prosesə qoşulmaq üçün səylər göstərəcəyi də gözləniləndir. Buna görə də Bayden administrasiyasının Minsk qrupunun fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı müəyyən adımlar atacağı gözləniləndir". 

Axeber.az-ın məlumatına görə, bu sözləri politoloq Yusif Bağırzadə Co Baydenin prezidentiliyi dövründə ABŞ-ın Azərbaycan və Türkiyə ilə bağlı necə mövqe sərgiləyəcəyi ilə bağlı sualımızı cavablandırarkən deyib. 

O bildirib ki, 2020-ci il prezident seçkiləri ABŞ tarixində ən qalmaqallı və gərgin seçki dövrü kimi yadda qaldı: "Hazırda yeni prezidentin öz səlahiyyətlərinin icrasına başlaması ilə bu dövrün başa çatması gözlənilir. Hələ seçkilərdən dərhal sonra Co Baydenin ABŞ-ın lider dövlət statusunu bərpa etməsi istiqamətində fəaliyyət göstərəcəyini demişdim. Onu da bildirmişdim ki, Co Bayden bunun üçün ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətləri bərpa etməyə çalışacaq və ABŞ-ın Tramp dönəmində çıxdığı bir çox sazişlərə geri qayıdacaq. Yeni prezident artıq 21 yanvardan etibarən bu istiqamətdə müəyyən adıımlar atmağa başlayıb. ABŞ-ın iqlim sazişi olan Paris razılaşmasına qayıtması, Ümumdünya Səhiyyə Təşkilatına üzvlüyünü bərpa etməsi, Meksika ilə sərhəd divarının tikintisinin dayandırılması və bir sıra digər fərmanlar Bayden hakimiyyətinin seçkilər dövründə verdiyi vədlərlə bağlı müəyyən addımlar atdığını sübut edir". 

Politoloq qeyd edib ki, Co Baydenin qalib gəlməsinə sevinənlərin də, onun seçilməsini isti qarşılamayanların da hər birinin özünə görə səbəbləri var:

"Məsələn, Çin Baydenin qalib gəlməsi ilə iki ölkə arasında ticarət müharibəsinin başa çatacağına ümid edir. Avropalı liderlər də Co Baydenin qalib gəlməsi ilə Trampın prezidentliyi dövründə korlanmış siyasi və iqtisadi münasibətlərin əvvəlki səviyyəsinə qayıdacağına ümid bəsləyirlər. Ən əsası isə onun prezident seçilməsi ilə Transatlantik əməkdaşlığın əvvəlki səviyyəsinə qayıdılacağına, Vaşinqtonun NATO çərçivəsində öhdəliklərinə sadiqliyi ilə bağlı müttəfiqlərində əminlik yaradacağına inanırlar". 

Yusif Bağırzadənin sözlərinə görə, yeni dönəmdə Vaşinqtonun Türkiyə və Rusiya ilə münasibətlərində gərginliyin artacağı gözlənilir: "Ümumiyyətlə, ABŞ-da yeni Bayden administrasiyası dövründə geosiyasi qarşıdurmaların daha da dərinləşəcəyi gözlənilir. Xüsusilə də Baydenin ermənipərəst mövqeyi Türkiyə və Azərbaycanda narahatlıq doğurur". 

Politoloq ABŞ-dakı erməni lobbisinin Co Baydenin prezident seçilməsindən istifadə edərək Azərbaycana təzyiqləri artırmağa çalışacağını vurğulayıb: 

"Artıq bununla bağlı müyyən əlamətlər görünməyə başlayıb. "The National İnterest" nəşri Co Baydeni vəzifəsinə Azərbaycana qarşı sanksiya tətbiq etməklə başlamağa çağırıb. Bütün siyasi karyerası boyunca ermənipərəst mövqe tutan Bayden 1992-ci ildə sabiq dövlət katibi Con Kerri ilə Azərbaycana qarşı 907-ci düzəlişin müəlliflərindən biri olub. 

Yeni vitse-prezident Kamala Harris də Kaliforniya ştatındandır, saxta erməni “soyqrımı” prosesində olduqca fəal şəkildə iştirak edib. Həmçinin, Ermənistan lobbisinin iki təmsilçisi – Hayk Hacınəzəryan və Ceff Marutyana da Ağ Evdə vəzifə verilib. Erməni lobbisinin təsiri altında olan Baydenin Qarabağla bağlı münasibətləri tam fərqlidir. ABŞ-da seçki dönəmi aktiv əməliyyatlarla üst-üstə düşdüyünə görə, Bayden Ermənistan lobbiçiliyinin dəstəyini almaq məqsədilə müəyyən bəyənatlar verdi, Türkiyəni baş verən proseslərdə günahlandıraraq sərt şəkildə tənqid etdi. Lakin bu, onun siyasi karyerası dönəmində Türkiyəyə qarşı verdiyi ilk bəyanat deyil. Uzun illərdir siyasi fəaliyyətlə məşğul olan Bayden 1980-ci illərdə Yunanıstanın NATO üzvlüyünə qəbulunun əsas təşəbbüskarlarından biri olaraq anti-Türkiyə mövqeyi ilə seçilib.

Yunanıstanın Nato üzvlüyünə veto qoyan Türkiyəyə qarşı təzyiq kampaniyasının əsas fiqurlarından biri kimi, Dəmirəl və Ecevitə təsir göstərmiş və bununla bağlı dəfələrlə Türkiyəyə səfər etmişdir.

Təəssüf ki, bundan sonra da Baydenin bu istiqamətdə fəaliyyət göstərəcəyini düşünürəm. Ola bilsin ki, o, qondarma “soyqırımın” tanınması ilə bağlı ciddi şəkildə addımlar atsın". 

Yusif Bağırzadə qeyd edib ki, ən təhlükəli məqamlardan biri də 78 yaşlı Jeo Baydenin aktiv fəaliyyət göstərmə imkanlarının məhdud olması səbəbilə vitse-prezident Kamala Harrisin önə çıxması ilə bağlı ola bilər: "Ən qatı ermənipərəst mövqe ilə tanınan Harrisin əsas söz sahibi olacağı və növbəti seçkilərdə prezidentliyə ən real namizədlərdən biri olacağı çox böyük ehtimaldır. 

Ümumilikdə götürsək, qeyd etməliyəm ki, Ağ ev sahibinin dəyişməsi ilə Vaşinqtonun xarici və daxili siyasətində dəyişiklik baş verəcəyinə heç bir şübhə ola bilməz. Vaşinqtonun siyasətində baş verəcək dəyişiklik isə heç şübhəsiz ki, bütün dünyada siyasi və iqtisadi proseslərə ciddi təsir edəcək”.