Borca görə şəxsiyyət vəsiqəsinin girov saxlanılması doğrudurmu?

Borca görə şəxsiyyət vəsiqəsinin girov saxlanılması doğrudurmu?

Bəzi hallarda vətəndaşlardan şəxsiyyət vəsiqələrini borc və ya girov qismində müvəqqəti alırlar. Belə hallara kitabxanalarda, kirayə borcunun ödənilməməsi və buna bənzər məsələlərdə rast gəlmək mümkündür. Bəs vətəndaşdan borc və ya girov qismində şəxsiyyət vəsiqəsini almaq qanuna uyğundurmu? 

Məsələ ilə bağlı hüquqşünas Rahim Abıyevdən münasibət öyrəndik. 

Hüquqşünas e-huquq.az-a açıqlamasında bildirib ki, vətəndaşdan qanunda göstərilən hallardan başqa şəxsiyyət vəsiqəsinin alınması, saxlanılması qanunsuzdur. O, bu kimi halları sərt tənqid edib: “Hər qurum özündən Amerika kəşf edib vətəndaşın şəxsiyyət vəsiqəsini müvəqqəti də olsa, alıb saxlaya bilməz”.

R. Abıyev vətəndaşlardan şəxsiyyət vəsiqəsinin müvəqqəti alınmasının hallarının qanunla tənzimləndiyini bildirib.  Onun sözlərinə görə, bu kimi hallar Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 6-cı maddəsi ilə tənzimənir: “Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda isə şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır”.