Azərbaycanda koronavirus testindən keçmək məcburidir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirus testindən keçmək məcburidir? - RƏSMİ AÇIQLAMA

Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 369 minə çatır. Təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı isə 6 096 799 təşkil edir. Hazırda virusa yeni yoluxma hallarının aşkarlanması üçün bütün dünyada müvafiq testlər aparılır. Bəzi ölkələrdə isə vətəndaşların koronavirus testindən imtina etməsi hallarına rast gəlinir. Bir neçə gün öncə yüngül çəkidə MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov koronavirus testindən keçməkdən imtina edib. Atası bu virusa yoluxduqdan sonra Moskvada onun da analiz verməsini və müayinədən keçməsini istəmələrinə baxmayaraq, Nurməhəmmədov bu istəyi geri çevirib. Tanınmış idmançı buna ehtiyac olmadığını bildirib. Maraqlıdır, Azərbaycanda bununla bağlı vəziyyət necədir? Vətəndaş koronavirus testindən imtina etmək hüququna malikdirmi?


Məsələ ilə bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev Axeber.az-a açıqlamasında bildirib ki, virusa yoluxma şübhəsi olan şəxslər mütləq bu testdən keçməlidir. Onun sözlərinə görə, testdən keçməklə bağlı hər hansı etiraz keçərli deyil: “Koronavirusa yoluxma şübhəsi olan şəxslər bu testdən keçirilir. Vətəndaşın koronavirus testindən keçməsinə ehtiyac yaranıbsa, o buna etiraz edə bilməz”, - deyə C. İsayev qeyd edib.

Qeyd edək ki, son statistikaya görə, Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb. Ölkəmizdə koronavirusa yoluxanların sayı 5 246 nəfərə, sağalanların sayı 3 327 nəfərə, ölənlərin sayı isə 61 nəfərə çatıb.

Loading...