"Baş verənlər cəmiyyət üçün bir mesajdır" - Politoloq Yusif Bağırzadə

"Baş verənlər cəmiyyət üçün bir mesajdır" - Politoloq Yusif Bağırzadə

"Xarici İşlər Nazirliyində rüşvətxorluq və korrupsiya ilə bağlı həbslərin keçirilməsi təbii ki, hökumətin anti-korrupsiya mübarizəsində davamlı fəaliyyət göstərdiyinin göstəricisidir”. 

Bu fikirləri Axeber.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Xarici İşlər Nazirliyində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyata münasibət bildirərkən deyib.

O bildirib ki, XİN-də bu cür halların baş verməsi Azərbaycanın imicinə ciddi zərbə vurur: "XİN-də keçirilən bu əməliyyat bir daha göstərir ki, dövlətimiz korrupsiyaya və vəzifədən sui-istifadəyə qarşı çox kəskin mövqe tutub. İlkin məlumatlar göstərir ki, Dövlət Təhlükəsizlik Xidmətində sözügedən qurumdakı vəziyyətlə bağlı ciddi şübhələr yaranıb. Hər kəs üçün aydın olur ki, kimsə özünü məsuliyyətdən azad hiss edə bilməz.

Politoloq qeyd edib ki, ölkə Prezidentinin 2018-ci ildən başlayaraq həyata keçirdiyi islahatların mahiyyətində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə xüsusi yer tutur: "Dövlət başçısının həyata keçirmiş olduğu islahatlar ciddi hədəflərə yönəlib. Söhbət Azərbaycanın bütün istiqamətlərdə və sahələrdə daha da güclənməsindən, beynəlxalq nüfuzunun artmasından və nəhayətdə Azərbaycanı yaxın zaman kəsiyində dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çıxmasından gedir. Bu istiqamətdə islahatların aparılmasına maneçilik törədən, onun effektini zəiflədən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ciddi önəm kəsb edir.  Hər bir insan vəzifəyə gələndə məsuliyyətini dərk edib dövlətin, dövlət başçısının ona etimadını yüksək qiymətləndirib, millətinə və dövlətinə sədaqətlə xidmət etməyi özünə şərəf bilməlidir. Ona görə də bu insanlara qətiyyən güzəşt ola bilməz və əminəm ki, olunmayacaq da. Baş verənlər həm də cəmiyyət üçün bir mesajdır ki, rüşvətxorluqla mübarizə heç də dayanmayıb və davamlı olacaq”.