Haftar Moskvada barışıq müqaviləsindən niyə imtina edib?

Haftar Moskvada barışıq müqaviləsindən niyə imtina edib?

Liviya Milli Ordusunun (LMO) komandiri Xəlifə Haftar Moskvada Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Səracla barışıq müqaviləsi imzalamaqdan imtina etməsinə münasibət bildirib.

Axeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanal mənbələrə istinadən məlumat yayıb.

Sahə marşalı sənədin Moskvada təklif olunan variantında LMO üçün vacib məqamların nəzərə alınmadığını söyləyib: “Layihə Liviya ordusunun bir çox tələblərinə məhəl qoymur”.

Qeyd edək ki, yanvarın 14-də Haftarın Sərac ilə Liviyada atəşkəs razılaşması imzalamadan Moskvadan ayrıldığı məlum olub. Liviyanın paytaxtı Tripolidə sahə marşalının yola düşməsi səbəbindən silahlı qarşıdurmaların yenidən davam etdiyi qeyd edilib.

Haftar və Sərac arasında danışıqlar yanvarın 13-də Moskvada planlaşdırılsa da, nəticə uğursuz olub. Buna səbəb Liviya Milli Ordusu qüvvələrinin Tripolini tərk etməməsi olub. Rusiya Xarici İşlər naziri Sergey Lavrov danışıqlarda müəyyən irəliləyişlərin əldə olunduğunu bildirib.

Xatırladaq ki, yanvarın 8-də Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Liviya münaqişəsinin tərəflərini barışmağa çağırıblar və danışıqlar masasına oturmağı təklif ediblər. Xəlifə Haftar əvvəlcə Rusiya və Türkiyə liderlərinin təklifini rədd edib və Tripolidə hücumu davam etdirməyə qərar verib. Lakin daha sonra tərəflər yanvarın 12-si gecə saatlarında atəşkəs elan ediblər.