Martın 15-dən karantin rejimi sərtləşdiriləcək? - AÇIQLAMA

Martın 15-dən karantin rejimi sərtləşdiriləcək? - AÇIQLAMA

Martın 15-dən karantin rejiminin yenidən sərtləşəcəyi ilə bağlı cəmiyyətlə müxtəlif fikirlər dolaşır. Yoluxma sayının əvvəlki günlərlə müqayisədə artması ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunacağı, Novruz bayramı ərəfəsində isə rayonlara gediş-gəlişin bağlanacağı deyilir. Rəsmi olmasa da, yayılan bu məlumatlar cəmiyyətdə narahatlığa səbəb olub.

Məsələ ilə bağlı e-huquq.az-a danışan Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib ki, COVID-19 təhlükəsinin hələ sovuşmadığını nəzərə alaraq, mümkün qədər ehtiyyatlı davranmaq lazımdır. Deputatın fikrincə, bayram günlərində insanların bir-birilə daha çox görüşməsi və qonaq getməsi yoluxma sayına təsir göstərə bilər, ona görə də vətəndaşlar özlərini qorumalıdırlar.

"Təbii ki, hazırda karantin rejiminin sərtləşdiriləcəyi və ya hər hansı məhdudiyyətlərin tətbiq olunacağı barədə rəsmi məlumat yoxdur. Lakin istənilən halda biz ehtiyyatlı davranmalıyıq. Çünki pandemiya hələ bitməyib. Bütün dünya, eləcə də Azərbaycan bundan əziyyət çəkir. Düzdür, hazırda koronavirusa qarşı vaksinasiya prosesi aparılır. Amma zərurət yaranarsa, təbii ki, məhdudiyyətlər tətbiq edilə bilər.

Qarşıdan Novruz bayramı gəlir. Məlum məsələdir ki, bayram günlərində insanlar arasında gediş-gəliş və bir-birilə görüşmək üçün daha çox imkan olacaq. Bu da virusun çoxalmasına və vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Mən demirəm ki, sərt tədbirlər görülsün, sadəcə diqqətli olmaq lazımdır, insanlar özlərini yoluxmadan qorumalıdır. Düşünürəm ki, xüsusən də bayram günlərində nə qədər ehtiyyatlı olsaq, bir o qədər yaxşı olar", - deyə C.Paşazadə qeyd edib.

E-huquq.az karantin rejiminin yenidən sərtləşdiriləcəyi ilə bağlı məlumatlara aydınlıq gətirmək üçün Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb. İ.Məmmədov e-huquq.az-a açıqlamasında bununla bağlı hər hansı məlumat olmadığını deyib.